logo

“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I”


   “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

Şamaxı şəhəri üzrə

“Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

İcrasına 2010-cu ildə başlanılmış layihənin birinci mərhələsində Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu,  ümumi həcmi 1000  kubmetr olan 2 ədəd su anbarı, 1ədəd su nasos stansiyası tikilmişdir. Su mənbəyindən anbarlara qədər  3,4 km magistral kəmər çəkilmişdir.

Layihənin ikinci  mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 su anbarı, 8,9 km magistral su kəməri inşa edilmişdir. Şamaxı şəhərində 128 km içməli su,122 km kanalizasiya şəbəkəsi yaradılmış, abonentlərə ev birləşmələri verilərək sayğaclar quraşdırılmışdır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu, həmçinin Şamaxı Sukanal İdarəsi üçün müasir standartlara uyğun inzibati bina tikilmişdir.

Hazırda Şamaxı şəhərinin dayanıqlı su təchizatının təmin olunması üçün Ağsuçay məcrasında yeni su mənbəsinin yaradılması və suyun  şəhərin mövcud sisteminə nəql etdirilməsi üçün 19 km magistral su kəmərinin və şəhər ərazisində ümumi həcmi 6500 kubmetr su anbarlarının tikintisinə başlanılmışdır.

02 oktyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Şamaxı şəhərində su  və kanalizasiya sistemlərinin istismara verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir.

Qəbələ şəhəri üzrə

“Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ildə başlanmışdır. Qəbələ şəhərini içməli su ilə təmin etmək üçün 6 subartezian quyusu qazılmış, ümumi tutumu 6400 kubmetr olan  5 ədəd  su anbarı və 17,6 km magistral su xətti tikilmişdir. Qəbələ şəhərində inşası nəzərdə tutulan 121 km  içməli su şəbəkəsinin 63 km-lik hissəsi tikilmişdir. İçməli su şəbəkəsinin hazır hissəsindən abonentlərə ev birləşməsi verilmiş, sayğaclar quraşdırılmışdır. Yeni şəbəkəyə qoşulmuş abonentlərə içməli suyun verilməsi təmin edilmişdir. Eyni zamanda layihədə nəzərdə tutulan 121 km kanalizasiya şəbəkəsinin 58 km-lik hissəsində işlər yekunlaşmışdır. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 8,2 km kanalizasiya kollektorunun tikintisi də başa çatdırılmışdır.

Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə sutkalıq məhsuldarlığı 4450 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.

Saatlı şəhəri üzrə

“Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min, nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır.

Layihənin icrasına 2012-ci ildə başlanmışdır. Saatlı şəhəri və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilmişdir. Bu məqsədlə 2014-cü ildə 62 km uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilib istismara verilmişdir. Şəhərin girişində hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir.

Layihəsi çərçivəsində şəhərdə 135 km uzunluğunda şəhərdaxili su şəbəkəsi yaradılmış, hər bir ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunmuşdur. 28 mart 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Layihənin növbəti mərhələsi çərçivəsində şəhərin kanalizasiya sistemi yenidən qurulur. İndiyədək 112 km-lik kanalizasiya şəbəkəsinin 12 km-lik hissəsi inşa edilmişdir.

Saatlı şəhərinin tullantı suları gələcəkdə Sabirabad rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 80 min kubmetr olan tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

Sabirabad şəhəri üzrə

 “Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhərində 33 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2012-ci ildə başlanılmışdır. Sabirabad şəhərini içməli su ilə təmin etmək üçün Hacıqabul rayonu ərazisində yerləşən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir.

Sabirabad şəhərində ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı, 1,8 km uzunluğunda magistral su xətti tikilmişdir. Şəhər üzrə layihələndirilmiş  155 km içməli su şəbəkəsinin 144 km-lik hissəsi tikilmiş, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır.

15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda yeni şəbəkəyə qoşulmuş abonentlər  fasiləsiz içməli su ilə təmin olunur.

Layihə çərçivəsində Sabirabad şəhərində 125 km uzunluğunda kanalizasiya şəbəkəsinin və 10 km uzunluğunda kanalizasiya kollektorunun inşası nəzərdə tutulmuşdur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə Sabirabad rayonu ərazisində məhsuldarlığı sutkada 80 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.