logo

Çıxışlar


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 
 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilən məqsədyönlü siyasət kommunal xidmətlər sahəsində, o cümlədən içməli su təchizatı və kanalizasiya sektorunda kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Azərbaycan Respublikası regionlarının, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində dayanıqlı və keyfiyyətli su mənbələri, içməli su təchizatı və kanalizasiya sistemləri yaradılıb, içməli su problemindən əziyyət çəkən kənd və qəsəbələrdə layihələr icra edilib.

Tapşırıqlarınıza uyğun olaraq, ölkə ərazisində 30-dan çox içməli su mənbələri tikilərək istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və digər lokal mənbələr Azərbaycan vətəndaşlarının sağlam həyatı baxımından ən böyük töhfələrdir.

Su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630 min nəfər olan 520 kənddə də layihələr icra edilib.

Cənab Prezident, 2017-ci il 17 mart tarixli Sərəncamınıza uyğun olaraq, respublikanın 28 rayonunun 170 kəndində başlanmış işlər bu ilin birinci rübündə tam başa çatdırılıb, 530 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Ötən il imzaladığınız sərəncamlara əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Abşeron yarımadasının 18 qəsəbəsində başlanılmış işlər bu ilin yanvarında başa çatdırılıb.

Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox magistral və paylayıcı su, 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb, 5 minə yaxın çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir.

İcra olunan layihələr çərçivəsində su şəbəkəsi ilə paralel kanalizasiya infrastrukturu, eyni zamanda, ekoloji tarazlığın təmin olunması və turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan tullantı sutəmizləyici qurğular inşa olunur. Müqayisə üçün bildirim ki, sovet dövründə regionlarda cəmi 6 şəhərdə mexaniki tipli tullantı sutəmizləyici qurğu fəaliyyət göstərirdisə, yeni layihələrdə hər bir şəhərin bioloji tipli qurğulara çıxışının təmin olunması nəzərə alınıb. Artıq 11 şəhərdə tullantı sutəmizləyici qurğular tikilərək istismara verilib, daha 7 şəhərdə, eləcə də Pirşağı qəsəbəsi yaxınlığında qurğuların inşası davam etdirilir. 10-dan çox şəhərdə isə qurğuların tikintisinə hazırlıq görülür.

Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb.

Bakı şəhərində və Abşeron rayonunda səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib, 30 kilometr yağış-kanalizasiya kollektorları inşa olunub və bu ünvanlarda problemlər həll edilib. Layihə çərçivəsində Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində yaradılmış infrastruktur su səviyyəsinin tənzimlənməsinə imkan yaradıb.

İstifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarınıza uyğun olaraq, Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar sahəni suvarma suyu ilə təmin edən iki layihə həyata keçirilib. Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 kilometr uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin olunub. Qeyd etmək istəyirəm ki, əkin sahələrinin suvarılmasına tələb olunan əlavə 5 kubmetr/saniyə su Kür sutəmizləyici qurğular kompleksindən verilir.

Möhtərəm Prezident, “Su həyatdır, təmiz su sağlam həyatdır” fikrinizi rəhbər tutaraq içməli suyun keyfiyyət göstəricilərini daim diqqətdə saxlayırıq. Tapşırığınıza uyğun olaraq, beynəlxalq standartlara uyğun yaradılmış Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Halbuki əvvəllər bu parametrlər cəmi 39 idi. Beynəlxalq akkreditasiyadan keçən və dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulan Mərkəzi Laboratoriyada aparılan analizlərin nəticələri müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən tanınır. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkün olsun.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri də istehlakçılara göstərilən müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə etməklə, müştəri məmnunluğunu təmin etməkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, “Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərmanınızdan irəli gələn tələblərə uyğun olaraq, 11 elektron xidmət hazırlanaraq vətəndaşların istifadəsinə verilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan əlavə beş elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ilin birinci rübündə 27 min müraciət daxil olmuşdusa, cari ilin analoji dövründə bu rəqəm 111 minə çatıb. Başqa sözlə, ötən ilin birinci rübündə elektron müraciətlər ümumi müraciətlərin 12 faizini, 2018-ci ilin müvafiq dövründə isə 30 faizini təşkil edib.

Cənab Prezident, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyiniz tapşırıqlara uyğun olaraq, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq.

Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq.

Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, möhtərəm Prezident, Sizin tövsiyənizlə 2018-ci ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq.

Bu il içməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə yeni layihələrin icrası nəzərdə tutulur. Sizin tapşırığınızla kənd və qəsəbələr üzrə kompleks araşdırmalar davam etdirilir və işlər yekunlaşdıqdan sonra təkliflər ali diqqətinizə təqdim olunacaq.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda su sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, səhmdar cəmiyyətin kollektivi qarşımızda qoyduğunuz tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın

icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

 

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir.

2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir.

Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Möhtərəm Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur.

2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir.

Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır.

Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.

2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər sakinləri fasiləsiz su ilə təmin olunmuşlar.

Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilmişdir. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000 abonent smart sayğacla təmin olunmuşdur.

Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.

Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaradılmışdır. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə işləri davam etdirilir.

Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa çatdırılmışdır.

2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılmışdır. “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaqdır.

Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir.

Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.

Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.

Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.

Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək” fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz daha əzmlə çalışacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının

icrasına həsr olunmuş konfransda "Azərsu " ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

 

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ən ucqar kəndlər də daxil olmaqla, regionların sürətli inkişafına gətirib çıxarmışdır. Bu inkişaf infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur.

2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Nəticədə bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür. Cənab Prezident, Sizin tapşırıq və tövsiyələrinizə əsasən şəhərlərin su mənbələri seçilərkən, ehtiyatları bol olan və daha çox yaşayış məntəqələrini əhatə edəcək mənbələrə üstünlük verilmişdir. Layihələndirmələr zamanı yeni texnologiyaların tətbiqi, müasir idarəetmə üsullarından istifadə, suyun keyfiyyət göstəricilərinə tam nəzarət və kadr hazırlığı məsələləri də nəzərə alınmışdır.

Proqramın icrası müddətində Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilmişdir. Bu kəmərin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilmiş, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmişdir.

Şirvan-Muğan qrup su kəməri Biləsuvar, Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhərlərinin, həmçinin magistral kəmər boyunca yerləşən 121 kəndin, ümumilikdə 470 min sakinin su təminatına öz töhfəsini verməkdədir. Qısa müddətdə Biləsuvar şəhərinə qədər 107 kilometr uzunluğunda kəmərin inşası başa çatdırılmış, Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Neftçala və Salyan şəhərlərinə, eləcə də kəmər boyu yerləşən kəndlərə suyun verilməsi ilə bağlı işlər davam etdirilir.

Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə Saatlı və Sabirabad şəhərlərinin, həmçinin 36 kəndin su problemi də öz həllini tapacaqdır. Artıq Saatlı və Sabirabad şəhərlərini su ilə təmin edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin inşasına başlanılmışdır. Bu layihənin icrası nəticəsində Saatlı və Sabirabad rayonlarının ümumilikdə 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcəkdir.

Regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə edən layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilmiş, buradan Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər çəkilmiş 4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilmişdir. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcəkdir.

Hazırda tikintisi davam edən Şəmkirçay su anbarı regionun böyük ehtiyata malik etibarlı su mənbəyinə çevriləcəkdir. Bunu nəzərə alaraq Gəncə şəhəri, eləcə də Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə kimi Şəmkirçay su anbarı qəbul edilmişdir. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılmışdır.

Cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilmişdir. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilmiş, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılmış, Lənkəran şəhərinə içməli suyun verilməsi təmin edilmişdir. Astara şəhəri və rayonun kəndlərinin su təchizatının aparılması üzrə layihələndirmə işləri başa çatdırılmışdır və tikinti işlərinə bu ilin ikinci rübündə başlanılacaqdır.

Masallı və Cəlilabad şəhərlərinin su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay anbarı yaxınlığında sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi davam etdirilir. Cənab Prezident, Sizin xüsusi tapşırığınızla Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23 yaşayış məntəqəsinin və Yardımlı rayonunun 17 kəndinin də su təminatı layihələrinin icrasına başlanılmışdır.

Dövlət Proqramlarının icrasının ilk dövründən içməli sudan daha çox əziyyət çəkən kəndlərdə mərhələli şəkildə təxirəsalınmaz tədbirlərin icrasına başlanılmışdır. Oğuz və Şəki rayonlarında 21 min sakini olan 9 kəndi əhatə edən Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri tikilərək istifadəyə verilmişdir. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılmışdır.

Su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılmış, 690 kilometr su xətti çəkilmiş, 36 su anbarı tikilmiş, nəticədə 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılmışdır.

Diqqətinizə çatdırıram ki, regionların inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilmişdir. Proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunmuşdur. Bu rayonlarda görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət Proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların həlli üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi bundan sonra da var gücü ilə çalışacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

 
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının

icrasının yekunlarına həsr olunmuş konfransda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

 

- Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanmışdır. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınmışdır. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür.

Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır.

Belə ki, su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilmişdir.

Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilmişdir.

Cənab Prezident, yarımadanın mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaratmışdır.

Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə etmişdir.

Möhtərəm Prezident, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunmuşdur. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib Sizin iştirakınızla istifadəyə verilmişdir.

Cənab Prezident, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılmışdır.

Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Hövsan Aerasiya Stansiyasında görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Başa çatdırılmış bu işlərlə yanaşı, içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, təməli Sizin tərəfinizdən qoyulmuş, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir və 2014-cü ildə başa çatdırılacaqdır.

Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaqdır. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir.

Qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaqdır.

 

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin

1-ci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

 

Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf proqramı, Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir, əhalinin sosial rifahı günü-gündən yaxşılaşır. Sizin böyük qayğı və diqqətiniz sayəsində bu inkişaf infrastrukturun bütün sahələrində olduğu kimi, su sektorunda da öz əksini tapmaqdadır.

Siz əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını prioritet élan etmisiniz və tapşırıqlarınıza uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti geniş əhatəli işlərə başlayıb. Qayğı və diqqətiniz sayəsində kommunal sektorun vacib sahələrindən biri olan su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması istiqamətində işlər sürətləndirilmişdir.

Cənab Prezident!

Sizin rəhbərliyinizlə ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin  işə düşməsilə paytaxt əhalisinin su təchizatında əsaslı dəyişikliklər olmuşdur. İstismar qaydalarına uyğun olaraq Oğuz-Qəbələ-Bakı kəmərilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kub metrə çatdırılmışdır və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kub metrə  çatdırılacaqdır.

Hazırda Oğuz-Qəbələ-Bakı kəmərilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsinin təmin edir.

Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazilərinə, indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci km yaşayış sahələrinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.

Kəmərin istismara verilməsilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravliki iş rejimləri normallaşmışdır. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalmışdır.

 Cari ilin yanvar-iyun aylarında Cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kub metr həcmində su satılmış və onun 74,8 faizinin haqqı yığılmışdır.

Cənab Prezident, aprelin 8-də imzaladığınız fərmanla əhalinin 1 fevral 2011-ci il tarixə qədər olan 294,2 mln manat borcunu bağışladınız. Sizin bu humanist qərarınız abunəçilərlə “Azərsu” ASC arasında yaşanan çoxlu sayda mübahisələrə son qoydu.

2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61, daxili imkanlar hesabına isə 20 km-ə yaxın su xətti çəkilmiş, 10 km-dən artıq kanalizasiya kollektoru quraşdırılmış, ümumi həcmi 2200 kub metr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılmış, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilmişdir. 

Hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.

“Regionların sosial-iqtisadi inkişafı”, “Yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramlarına uyğun olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin su təchizatı yenidən qurulur, Ağdam və Tərtər rayonlarının sərhəd kəndlərində 3 km-dən çox su xətti çəkilmiş, 2 subartezian quyusu qazılmış və işlər davam etdirilir.

Qobustan rayonunun 8 yaşayış məntəqəsinin (Təsi, Bədəlli, Sədəfli, Nərimankənd, Dərəkənd, Ərəbqədim, Çəmcəmli, Göydərə kəndləri) su təchizatının yaxşılaşdırılması məqsədilə ümumilikdə25 km uzunluğunda su xətləri quraşdırılmış, hər birinin həcmi 1000 m3 olan 2 su anbarı tikilmiş və işlər davam etdirilir.

Xaçmaz  rayonunun Nabran qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 5 km-ə qədər kanalizasiya xətləri çəkilmiş, işlər ilin sonuna qədər başa çatdırılacaqdır.

Möhtərəm cənab Prezident!

Beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidənqurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan”ın hazırlanmasına başlanmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı ətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kub metr olan yeni su təmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Masazır,  Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 mm diametrli, uzunluğu 150 km-ə qədər olan paylayıcı magistral su kəməri tikiləcəkdir. Bu kəmərlə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi planlaşdırılır.  

Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün  əlavə su şəbəkəsi yaradacaqdır ki, bu da Bakı şəhərində mövcud kəmərlədən su alan zonaların daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcəkdir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə Kür su mənbəyindən Kürətrafı rayonların su təchizatına imkan yaradacaqdır.

Möhtərəm cənab Prezident!

Bakı şəhəri və ətraf qəsəbələrdə yaranan çirkab suların toplanaraq idarə olunması üçün də ilkin konseptual layihənin hazırlanmasına başlanıb. Yaranacaq çirkab suların əsasən özüaxımlı rejimdə ötürülməsini təmin etmək məqsədilə Xəzər dənizinin sahili boyunca, Sumqayıt şəhərindən Ələt qəsəbəsinə qədər ümumi məhsuldarlığı sutkada 950 min kub metr olan 10 yeni çirkab su təmizləyici qurğunun inşası nəzərdə tutulur. (Pirşağa-40 min, Müşfiqabad-10 min, Şüvəlan-10 min, Pirallahı-10 min, Lökbatan-300 min, 20-ci Sahə - 50 min, Sahil - 50 min, Ələt - 10 min, Qobustan-10 min, Zığ - 250 min, Hovsan kanılının sonu - 200 min, Türkan - 10 min)

Çirkab su təmizləyici qurğuların tikilməsi qabaqcıl Avropa texnologiyalarının tətbiqi ilə həyata keçiriləcəkdir ki, bu da təmizlənmiş suların bir hissəsinin ehtiyac olan yerlərdə yaşıllıqların və meşə massivlərinin suvarılmasında istifadəsinə imkan verəcəkdir.

Akademik Həsən Əliyev küçəsi boyunca və Dərnəgül-Qaraçuxur istiqamətində yeni kanalizasiya kollektorlarının tikilməsi nəzərdə tutulmuşdur. Bu layihələr eyni zamanda Bakı buxtasının təmizlənməsi proqramı çərçivəsində buxtaya axan çirkab suların əsas hissəsinin qarşısını almağa imkan verəcəkdir.

Bununla yanaşı Xırdalan şəhəri və ətraf qəsəbələrdə yaranan çirkab suların toplanması üçün Xırdalan-Xocahəsən-Lökbatan kanalizasiya kollektorunun inşası planlaşdırılır. Bu ərazilərdən toplanacaq çirkab suların təmizlənməsi üçün Lökbatan qəsəbəsi yaxınlığında yeni çirkab su təmizləyici qurğu layihələndirilir.

Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı özüaxımlı rejimlərin təmin olunması üçün tunel tipli kollektorların inşasına üstünlük verilmişdir.

Özüaxımlı rejimlərin təmin edilməsi nəticəsində il ərzində təxminən 500 milyon kilovat saat elektrik enerjisinə və ya 30 milyon manat vəsaitə qənaət etmək mümkün olacaqdır. Qeyd edim ki, “Azərsu” ASC-nin göstərdiyi xidmətlərin maya dəyərinin 35-40 faizini elektrik enerjisi xərcləri təşkil edir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə bağlı layihə-smeta sənədləri hazırlanır, ilin sonuna qədər bir neçə qəsəbədə tikinti işlərinə başlanacaqdır.

Suyun keyfiyyət göstəricilərinin öyrənilməsi üçün Dünya Səhiyyə Təşkilatı və Avropa Birliyinin standartlarına cavab verəcək, gələcəkdə beynəlxalq qurumlar tərəfindən akkreditə olunması nəzərdə tutulan mərkəzi laboratoriyanın qurulması işlərinə başlanmışdır.

Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulmuşdur ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcəkdir.

Möhtərəm cənab Prezident!

Azərbaycan Hökumətilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanmış, 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.

Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutlur.

Möhtərəm cənab Prezident!

Sadalanan bu işlər ölkə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su  təminatı sahəsində həyata keçiriləcək geniş miqyaslı layihələrin başlanğıcıdır. Sizin təsdiq etdiyiniz Dövlət Proqramlarına, verdiyiniz tapşırıqlara uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin dünya standartlarına uyğun qurulması, əhalinin fasiləsiz içməli su təminatına nail olunması üçün bütün qüvvələrimizi səfərbər edəcək, etimadınızı doğrultmaq üçün var gücümüzlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm!