logo

Şəhər su təchizatı


“Su təchizatı və kanalizasiya investisiya proqramı”


    Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Kredit Sazişi 29 noyabr 2005-ci il tarixində imzalanmış, 01 mart 2006-cı il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Layihə çərçivəsində nəzərdə tutulmuş su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinə 2008-ci ildə başlanılmışdır. 

      Ağcabədi və Beyləqan rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində layihə üzrə işlərin tamamlanmasının maliyyələşdirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə razılıq əldə edilmişdir. Çoxtranşlı maliyyə mexanizmi çərçivəsində ilkin olaraq Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının başa çatdırılması üçün 17 fevral 2010-cu il tarixdə Asiya İnkişaf Bankı və Azərbaycan Respublikası Hökuməti ilə Kredit Sazişi imzalanmışdır. 

     06 iyun 2012-ci il tarixdə Naxçıvan şəhərində “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında Layihə Sazişlərinin imzalanma mərasimi keçirilmişdir. “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” çərçivəsində Asiya İnkişaf Bankı Azərbaycana güzəştli şərtlərlə 300 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Bu vəsaitin 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunmuşdur.

Ağdaş şəhəri üzrə

     

“Ağdaş  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb. Layihə çərçivəsində 20 min sakinin yaşadığı 13 kəndə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə bu layihədən 67 min nəfər sakin faydalanacaq.

Rayon mərkəzini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib. İlkin mərhələdə Türyançayın məcrasında 2 kəşfiyyat quyusu qazılıb. Su mənbəyində aparılan tədqiqatlar suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir, şəhər mərkəzi və ətraf kəndləri davamlı olaraq su ilə təmin etməyə imkan verir. Bütün bunlar nəzərə alınaraq ümumi məhsuldarlığı saniyədə  240 litr/san olan  olan 8 subartezian quyusu qazılıb. Su mənbəyində yerləşən qurğuların Türyançayda baş verə biləcək sel və daşqınlardan mühafizəsi məqsədi ilə müvafiq tədbirlər görülüb.

Subartezian quyularından qəbul olunan suyun toplanması və optimal paylanması üçün tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Əhaliyə verilən içməli suyun keyfiyyətinin standartlar səviyyəsində saxlanılması məqsədilə zərərsizləşdirici qurğu inşa edilib. Anbar kompleksinin ərazisində abadlıq işlər aparlıb, mühafizə zolağı yaradılıb.

Anbarlardan şəhər şəbəkəsinə və ətraf kəndlərə suyun nəqli məqsədilə ümumi uzunluğu 13 km olan, 560 mm diametrli polad borulardan ibarət  2 ədəd magistral su xətti çəkilib.

Layihə çərçivəsində Ağdaş şəhərində 183 km içməli su şəbəkəsinin inşası tam başa çatıb və 7500 ədəd ev birləşməsi və su sayğacı quraşdırılıb. Şəbəkənin optimal idarə olunması və yanğın təhlükəsizliyi məqsədilə su şəbəkəsi üzərində 480 müxtəlif diametrli siyirtmə, 800 yanğın hidrantı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni tikilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

Ağdaş şəhərində icra olunmuş layihə çərçivəsində yeni yaradılmış infrastruktur hesabına  şəhər mərkəzinə yaxın və magistral su xəttinin marşrutu boyu yerləşən 5 kəndə içməli su verilib. Hazırda Qaradağlı, Zeynəddin, Gürcüva, Nehrəxəlil  kəndlərinin və Ləki qəsəbəsinin bir hissəsində 10 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Gələcəkdə daha 8 kəndə - Pirəyir, Dəhnəxəlil, Kotanarx, Cardam. Binələr, Davudlu, Güvənkənd, Əmirarx kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Bununla da həmin kəndlərdə 11 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin ediləcək. 

Layihə çərçivəsində Ağdaş  şəhərində kanalizasiya infrastrukturu da tamamilə yenidən qurulub. Şəhər ərazisində 166 km kanalizasiya şəbəkəsi tikilib. Hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Şəhərdə yaranan tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə kanalizasiya nasos stansiyası və 9,6 km uzunluğunda əsas daşıyıcı kollektor inşa edilib.

Ağdaş şəhərində yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə şəhərin cənub hissəsində  məhsuldarlığı sutkada 10000 kubmetr olan təmizləyici qurğu tikilib.  

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün müasir tipli inzibati bina tikilib. 440 kvadratmetr sahədən ibarət ikimərtəbəli binada müştərilərin qəbulu, ödəmələrin aparılması üçün hər cür şərait yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı yaradılıb.

28 oktyabr 2019-cu il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib.

 

 Göyçay şəhəri üzrə

“Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı  tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

“Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrasına 2008-ci ildə başlanılmışdır. Layihə çərçivəsində 3 ədəd subartezian quyusu qazılmış, sugötürücü kamera və həcmi 2000 kubmetr olan yeni su anbarı inşa edilmişdir.

İcrasına 2012-ci ildə başlanılmış “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi  çərçivəsində Göyçay şəhərini içməli su ilə təmin etmək üçün 4 ədəd subartezian quyusu qazılmış, ümumi tutumu 6500 kubmetr olan 3 ədəd su anbarı tikilmiş, 5,4 km magistral su xətti çəkilmişdir.

Göyçay şəhərində 143 km içməli su və 119 km kanalizasiya şəbəkəsi tikilmiş, hər bir ünvana birləşmə verilmiş, abonentlər sayğacla təmin olunmuşdur. 06 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Göyçay şəhərində layihənin açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Göyçay şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan təmizləyici qurğu tikilib.  

 

Beyləqan şəhəri üzrə 

 “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24300 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2012-ci ilin oktyabrında başlanılmışdır. Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında 6 ədəd subartezian quyusu qazılmışdır. Quyu ərazisində ümumi tutumu 1000 kubmetr olan 2 su anbarı, xlorator  binası və nasos stansiyası tikilmişdir. Su mənbəyindən Beyləqan şəhərinə 8,4 km magistral su xətti çəkilmişdir. Layihə çərçivəsində şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan 2 su anbarı da təmir olunmuşdur.

Layihə çərçivəsində Beyləqan şəhərində 91,6 km içməli su şəbəkəsi yaradılmış, hər bir ünvana birləşmə verilmiş, sayğaclar quraşdırılmışdır. İçməli su şəbəkəsi ilə paralel olaraq şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Beyləqan şəhərində 88,9 km  kanalizasiya şəbəkəsi yaradılmış, 5250 kanalizasiya quyusu inşa edilmişdir. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.  

12 noyabr 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Beyləqan şəhərində içməli su və kanalizasiya layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

 

Ağcabədi şəhəri üzrə 

“Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 55 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin icrasına 2017-ci ildə başlanıb. Ağcabədi şəhərini içməli su ilə təmin etmək mənbə olaraq Qarqarçayın yatağındakı  yeraltı sular seçilmiş və ümumi məhsuldarlığı 240 litr/san olan 14 subartezian quyusu qazılmışdır. Su mənbəyindən şəhərə 530 mm diametrli borularla 15 km uzunluğunda magistral su xətti  çəkilmişdir. Şəhərin dayanıqlı su təchizatı məqsədilə hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarı inşa edilmişdir.

Layihə çərçivəsində Ağcabədi şəhərində 350 km içməli su xətləri çəkilmiş, 8500 ünvana ev birləşməsi verilərək su sayğacları quraşdırılmışdır. Suyun optimal idarə olunması məqsədilə 618 ədəd siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 905 yanğın hidrantı quraşdırılmışdır. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

Yeni yaradılmış su təchizatı infrastrukturu hesabına rayonun Xocavənd və Aşağı Avşar kəndlərinə, həmçinin Laçın rayonundan olan məcvuri köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinə içməli suyun verilişi təmin edilib. 

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 305 km tullantı su şəbəkəsi, 9 km kanalizasiya kollektoru inşa edilmiş, 4 kanalizasiya-nasos stansiyası quraşdırlmışdır.   

Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikilib .

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Ağcabədi Sukanal Sahəsi üçün müasir tipli inzibati inşa edilib.

03 iyun 2020-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədi şəhərinin içməli su və kanalizasiya sistemləri istismara verilib.