logo

Texniki şərt üçün müraciət


İçməli su təchizatı və tullantı su  xidmətlərinə qoşulmaq üçün vətəndaşlar və sahibkarlar Bakı şəhərindəki "Asan Kommunal", bölgələrdəki "Asan xidmət" mərkəzlərinə müraciət etməlidir.

 

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə texniki şərtin verilməsi

Zəruri olan sənədlərin siyahısı

Əhali abonentləri üçün:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, sərəncam, order, notarial qaydada təsdiq olunmuş alqı-satqı, icarə müqaviləsi, bələdiyyə orqanı tərəfindən verilmiş qərar/arayış (fərdi yaşayış evinin xəritə üzərində yerləşmə planı, koordinatları qeyd olunmaq şərtilə), yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar/arayış (fərdi yaşayış evinin xəritə üzərində yerləşmə planı koordinatları qeyd olunmaq şərtilə), və s.).

Qeyri-əhali abonentləri üçün:

Ərizə

VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün);

Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);

Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı (tikinti ərazisinin vəziyyət planı təqdim edilmədikdə qeyri-yaşayış sahəsinin xəritə üzərində yerləşmə planı, koordinatları qeyd olunmaq şərtilə), yerli icra hakimiyyəti orqanı qərarı (tikinti ərazisinin vəziyyət planı təqdim edilmədikdə qeyri-yaşayış sahəsinin xəritə üzərində yerləşmə planı, koordinatları qeyd olunmaq şərtilə), order, və s.);

Tikinti ərazisinin vəziyyət planı;

Binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə sənəd;

Obyektin tikintisinə dair layihənin surəti.

Xidmət haqqı

Texniki şərtin verilməsi-Ödənişsiz; Qoşulma: Əhali-ödənişsiz; Qeyri-əhali ödənişli (ödəniş sifariş əsasında müəyyən edilir).

Müddət

Texniki şərtin verilməsi-10 iş günü müddətində;

Qoşulma: 15 (on beş) iş günü müddətində.

Qeyd 1: Texniki şərt verildikdən sonra 2 (iki) il müddətində qüvvədədir.

Qeyd 2: Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrə qədər olduğu halda, qoşulmalar “Azərsu” ASC tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.

Qeyd 3: Qeyri-əhali abonentləri üçün su təchizatı və kanalizasiya sistemlərinə qoşulma işləri və xətlərin çəkilişi sifarişçinin vəsaiti hesabına həyata keçirilir.

Qeyd 4: Qeyri-əhali abonentləri üzrə qoşulma nöqtəsinə qədər çəkiliş sifarişçi tərəfindən texniki normalara uyğun həyata keçirildikdən, qoşulma xərcləri tam ödənildikdən və müraciət olunduqdan sonra abonentin şəbəkəyə qoşulması 15 (on beş) iş günü müddətində həyata keçirilir.

Qeyd 5: Texniki şərtlər yalnız tikinti obyektləri üçün verilir. Tikinti obyektləri dedikdə tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular nəzərdə tutulur

Qeyd 6: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 7: Əhali abonentləri, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan abonentlər üzrə yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və sifarişçinin şəxiyyət vəsiqəsini (və ya surətini) təqdim etməklə xidmətə müraciət edə bilərlər.

 

 Elektron qaydada müraciət  üçün azersu.az saytının "Elektron xidmətlər" bölməsindən(https://www.e-gov.az/az/login/?return=/az/services/read/3410/) istifadə etmək mümkündür.