logo

“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi


Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Azərbaycan Respublikası hökuməti və Almaniyanın KfW Bankı arasında 25 sentyabr 2006-cı il tarixdə “Ssuda Müqaviləsi” imzalanmışdır. Layihə çərçivəsində məsləhət xidmətlərinin cəlb edilməsi və Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası hökuməti arasında 25 sentyabr 2006-cı il tarixdə “Kommunal İnfrastruktur I və II” layihəsi üzrə Maliyyə yardımının göstərilməsinə dair Qrant sazişi imzalanmışdır.  Layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Almaniyanın KfW Bankı arasında 20 dekabr 2012-ci il tarixdə 100 milyon avro həcmində Kredit Sazişi və 2 milyon avro həcmində Maliyyələşdirmə Müqaviləsi imzalanmışdır.

Şəki şəhəri üzrə

  Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Şəki şəhərində 79 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

“Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi mərhələlərlə həyata keçirilir.

Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2010-cu ildə başlanıb. Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su mənbəyində sugötürücü qurğu, buradan anbar kompleksinə qədər 2,9 km magistral su xətti, ümumi tutumu 2000 kubmetr olan 2 ədəd su anbarı, xlorator qurğusu inşa edilib.

Layihənin ikinci mərhələsi üzrə işlərə 2012-ci ildə  başlanıb. Bu mərhələdə ümumi tutumu 9000 kubmetr olan 3 ədəd su anbarı inşa edilib, 1000 kubmetr tutumu olan mövcud su anbarında təmir işləri aparılıb, 12,7 km uzunluğunda magistral su kəməri inşa edilib.

2016-cı ildə icrasına başlanılan üçüncü mərhələ çərçivəsində ümumi tutumu 1500 kubmetr olan 2 ədəd su anbarı və anbarlararası su xətti, 153 km içməli su, 107 km kanalizasiya şəbəkəsi, həmçinin 14,7 km kanalizasiya kollektoru inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək 5890 ədəd sayğac quraşdırılıb.

Ümumilikdə Şəki şəhərində  314 km içməli su və 294 km kanalizasiya xətlərinin inşası nəzərdə tutulmuşdur.

Növbəti mərhələdə isə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğusunun tikintisi davam etdirilir. 

Gəncə şəhəri üzrə

"Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin icrasına 2011-ci ilin sentyabr ayında başlanılıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib.

Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12000 kubmetr  olan 3 su anbarı, 6,9 km anbarlararası və  4 km magistral su xətti inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib. 03 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Şəmkirçay sutəmizləyici qurğusunun açılış mərasimi keçirilib.

Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Ümumilikdə Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. İndiyədək şəbəkələrin 40 faizi inşa edilib.  Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr olan təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır. 

Layihə çərçivəsində Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərinə içməli suyun verilməsi nəzərdə tutulur.