logo

Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi


Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci  ilə qədər perspektiv inkişaf  nəzərə alınmaqla Badamdar qəsəbəsi və ətraf ərazilərdə 118 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Lahiyə mərhələlərlə həyata keçirilir. Layihənin birinci mərhələsi Badamdar qəsəbəsinin mərkəzi hissəsinin, 1-ci və 2-ci Yaşayış massivlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edib və bu mərhələ üzrə işlər 2015-2018-ci illərdə görülüb.

Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün paytaxtın  ”+152 Alatava”, “+220 Badamdar” və “+190 Badamdar” su anbarı komplekslərində bərpa-yenidənqurma işləri aparılıb. “+152 Alatava” anbar kompleksində tutumu 10 min kubmetr olan mövcud su anbarı  və kompleksin nasos stansiyası yenidən qurulub. Burada yeni quraşdırılan və hər birinin məhsuldarlığı 48000 m3/gün olan 2 ədəd yüksək məhsuldarlıqlı nasoslar vasitəsilə içməli suyun Badamdar qəsəbəsində yerləşən su anbarlarına ötürülməsi təmin edilib. Eyni zamanda Badamdar qəsəbəsində yerləşən tutumu 20 min kubmetr olan “+220 Badamdar” su anbarı tikilib və tutumu  4500 kubmetr olan “+190 Badamdar” su anbarı yenidən qurulub. Badamdar qəsəbəsində relyef baxımından yüksək ərazilərdə yerləşən abonentləri içməli su ilə təmin etmək üçün “+220 ”Badamdar” su anbarında hidrofor nasosları da quraşdırılıb.

“+152 Alatava” anbarının “+220 Badamdar” və “+190 Badamdar” su anbarları ilə əlaqələndirilməsi məqsədilə 10 km uzunluğunda (1000 mm diametrli) polad borularla magistral su kəməri inşa edilib.

Layihəyə əsasən qəsəbə ərazisində 43,2 km uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 9100 abonent yeni şəbəkəyə qoşulub. Bunların  1800-ü ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su alanlardır. Layihə çərçivəsində 27,7 km uzunluğunda tullantı su şəbəkəsi tikilib. Layihənin əhatə etdiyi ərazidə formalaşan tullantı sularının kanalizasiya nasos stansiyasına ötürülməsi təmin edilib. Ümumilikdə yeni yaradılmış infrastrukturdan  33 minə yaxın sakin faydalanıb