logo

Mərkəzi Laboratoriya


 

16 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyasının yeni binasının açılışı olmuşdur. Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su və tullantı suları bölmələrindən ibarətdir. İçməli su və tullantı suları bölmələrinin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada  Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. 

  Regionun ən müasir laboratoriyasında quraşdırılmış ICP- cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metalların tam dəqiq, başqa sözlə, nano və pikoqram dəqiqliklə miqdarı təyin olunur. Bu zaman məhlul 10 min dərəcə selsiyədək qızdırılır və plazma halına salınaraq tərkibindəki metallar öyrənilir.

  Yeni alınmış yüksək həssaslıqlı maye və qaz  xromatoqraf cihazları kənd təsərrüfatında istifadə olunan və kanserogen təsirə malik üzvi maddələrin sudakı qalıqlarını təyin edir. İnsan sağlamlığı üçün zərərli sayılan  anion və kationlar isə ion-xromatoqraf cihazında analiz edilir. TOC cihazında üzvi maddələrin tərkibində olan karbon öyrənilir.

  Laboratoriyanın mikrobioloji analizlər otağında təhlükəli bakteriyalar təyin olunur və bu analizlər xüsusi bioloji qoruyucu kabinetlərdə aparılır.

  Laboratoriyanın tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Burada sənaye müəssisələrində yaranan tullantı sularının çirklənmə səviyyəsini müəyyən etmək, təmizlənmiş tullantı sularının, həmçinin onların axıdıldığı hövzələrdə suyun tərkibini izləmək imkanları vardır.

Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə  analizlərin aparılması imkanları da təmin edilmişdir. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin analizləri aparılır.

 Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi  məqsədi ilə Latviya Dövlət Akkreditasiya Qurumunun (LATAK) əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər.