logo

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi


         

  Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatına hesablanmış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölünün sahilində inşa olunub. 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə  Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib.

   Layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün  3 suqəbuledici başlıq, mikrotunel üsulundan istifadə etməklə gölün dibi ilə hər birinin diametri 1600 mm olan 3 kəmər quraşıdırılıb. Göldən götürülən suyun həcminin tənzimlənməsi, həm yeni tikilmiş, həm də mövcud təmizləyici qurğuların tələbatına uyğun xam suyun verilməsi üçün sahildə suqəbuledici kamera tikilib. Suqəbuledici kamerada toplanmış su təmizləyici qurğuya hər birinin diametri 1400 mm olan 4 kəmərlə nəql olunur. Bu kəmərlərlə emal prosesinə saniyədə 13,8 kubmetr su ötürmək mümkündür.

  Təmizləyici qurğuya ötürülən xam suyun ilkin təmizlənməsi mexaniki süzgəc binasında quraşdırılmış 7 ədəd avtomatik yuyulan 3000 mikronluq süzgəclərdə aparılır, xam su iri hissəciklərdən təmizlənir. Mexaniki süzgəclərdən ilkin təmizləmədən keçən su həcmi 10 min kubmetr olan xam su anbarına toplanır. Burada quraşdırılmış məsafədən idarə olunan səviyyə ölçənlər vasitəsilə emala ötürülən suyun həcmi onlayn rejimdə tənzimlənir. Xam su anbarından suyun süzgəc modullarına sabit təzyiqlə ötürülməsini qurğuların önündə quraşdırılmış 16 nasos təmin edir.

  Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən, sonra isə 0,02 mikronluq süzgəc modullarından keçməklə cəmi 20 saniyə ərzində ən yüksək səviyyədə təmizlənir. Məsafədən idarə olunmaqla mexaniki üsulla tam qapalı rejimdə emal edilən suyun keyfiyyət göstəricilərinə onlayn rejimdə nəzarət olunur. Burada quraşdırılmış 5280 ədəd süzgəc modulunda saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr yüksək keyfiyyətli içməli su emal edilir.

   Emal prosesindən keçən su həcmi 10 min kub metr olan təmiz su anbarına ötürülür. Təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılmasını qurğunun çıxısında inşa olunmuş nasos stansiyası təmin edir. Eyni zamanda təzyiqli xətdə yarana biləcək hidravlik zərbələri söndürmək üçün (dəf etmək) hər birinin həcmi 90 kubmetr olan 4 zərbə qazanı quraşdırılıb.

  Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan suyun optimal paylanması və elektrik enerjisindən asılılığı aradan qaldırılması məqsədilə  nasos stansiyasının çıxışından əsas paylayıcı anbara qədər diametri 1600 mm olan 11 km daşıyıcı kəmər çəkilib, dəniz səviyyəsindən 118 metr hündürlükdə yerləşən və tutumu 50 min kubmetr olan anbar kompleksi inşa olunub. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin edilir.

   Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrəin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.

  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

  28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılış mərasimi keçirilib.