logo

Köndələnçay su anbarları kompleksi və Füzuli şəhərinin içməli, tullantı və yağış suları layihəsi ilə tanışlıq məqsədilə mediatur təşkil olunub


Yaradılıb: 07-06-2024 12:31

5 iyun – “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşəbbüsü ilə işğaldan azad olunmuş Füzuli rayonunda yeni istismara verilmiş Köndələnçay su anbarları kompleksi, həmçinin Füzuli şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası ilə tanışlıq məqsədilə mediatur təşkil olunub.

Əvvəlcə media nümayəndələri yeni istismara verilmiş Köndələnçay su anbarları kompleksi ilə tanış olublar. ADSEA-nın nümayəndəsi Elçin Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki,  10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışı olub.  Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan “Köndələnçay-1” su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Burada məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır. E.Məmmədov qeyd edib ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib.

Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib.

Elçin Məmmədov qeyd edib ki, Köndələnçay su anbarları kompleksi vasitəsilə Füzuli rayonunun 6,2 min hektardan çox torpaq sahəsinin suvarılması təmin edilir. Su anbarları Füzuli rayonunun Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndləri ərazisində yerləşir. “Köndələnçay-1” su anbarında layihə əsasında torpaq bəndin yuxarı byefində dağıdılmış berma və bütün bənd boyu beton üzlük, qülləli suburaxıcı-sutullayıcının estakadası və çıxış hissəsi, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcı yenidən bərpa olunub.

“Köndələnçay-2” su anbarında isə daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub. Burada drenaj sistemi və nəzarət-ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub.

Sonra media nümayəndələri Füzuli şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası və tikinti işləri ilə tanış olublar. ADSEA-nın nümayəndəsi İlqar Tağıyev qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən 05 may 2023-cü il tarixində təməli qoyuylmuş layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla bu şəhərdə 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihəyə əsasən, Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq 3 quyunun qazılması başa çatdırılıb. Agentliyin rəsmisi vurğulayıb ki, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

 Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan 4 mərkəzi su anbarının inşası başa çatıb. Su mənbəyindən və anbarlardan götürülən suyun şəhərə ötürülməsi məqsədilə 10,7 km uzunluğunda magistral su kəmərlərinin inşası da yekunlaşıb.

İlqar Tağıyev əlavə edib ki, Füzuli şəhərinin içməli, tullantı və yağış suları şəbəkələrinin tikintisi yaşayış kompleksinin yaradılması layihəsi çərçivəsində həyata keçirilir. Bu məqsədlə  şəhərdə 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələrinin də inşası davam etdirilir. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib. Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemi ilə təmin ediləcək.

Media nümayəndələrinin diqqətinə o da çatdırılıb ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə ADSEA tərəfindən Təxirəsalınmaz Tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda, su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.