logo

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mülki müdafiə məşqi keçirilib.


Yaradılıb: 19-05-2023 16:54

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də yubiley tədbirləri davam edir. Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.  Təlimə mülki müdafiə üzrə rəhbər, komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti, ümumilikdə 70 nəfər cəlb olunub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin guşəsinə baxış keçirilib, ümummilli Liderın ehtiramla yad ediblər. “Azərsu” ASC-nin Mülki müdaqfiə qərargahının rəisi, məşqin rəhbəri Cahangir Şərifov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsinə xüsusi qayğı ilə yanaşıb. “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrinin müəllifi, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və inkişafına böyük diqqət göstərib.

C.Şərifov bildirib ki, obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd  fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının və mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. 

     

    Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb, imitasiya yerlərinin (dağıntı, su kəmərlərində qəza, zəhərlənmə, yanğın və s.) hazırlanmasına diqqət yetirilib. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi, tibbi və yanğından mühafizə vasitələrinin paylanması, xilasetmə işlərinin aparılması və s. tədbirlərə hazırlıq vəziyyəti də yoxlanılıb.

    Həmçinin Fövqəladə hadisələrin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının xəbardar edilməsi, mülki müdafiə qüvvə və vasitələrinin hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq-toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyatının həyata keçirilməsi, məlumatların toplanması təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkilati tədbirləri yerinə yetirilib.

   Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetirib. Təlimin gedişində mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

    Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.