logo

İçməli sudan qanunsuz istifadəyə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək


Yaradılıb: 17-05-2023 16:05

     

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin təşkili istiqamətində tədbirləri davam etdirir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən görüşdə sudan səmərəli istifadə, qeyri-qanuni qoşulma hallarına qarşı mübarizə tədbirlərini  gücləndirilməsi məsələləri müzakirə edilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev hazırda su ehtiyatlarından səmərəli istifadənin qlobal çağırış olduğunu xatırladaraq son illər quraqlıq səbəbindən ölkəmizdə su ehtiyatlarının azaldığını diqqətə çatdırıb. Qeyd edib ki, sudan səmərəli istifadə hər bir vətəndaş üçün vacib məsələdir və belə hallara qarşı mübarizə tədbirlərində yerli icra orqanları da fəal iştirak etməli və xidmət təşkilatlarına lazımi dəstək göstərilməlidir.

 “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq  su itkilərinin, israfçılığın və sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Artıq bu istiqamətdə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət gücləndirilib. Sudan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılmasında yerli icra hakimiyyətinin dəstəyi müsbət nəticələr verir. Abşeron yarımadasında fəaliyyət göstərən sukanal idarələri üzrə işçi qrupları yaradılıb və ciddi işlər görülür. Araşdırmalar göstərir ki, bir sıra sahibkarlıq subyektləri və fərdi evlərin sahibləri sudan qanunsuz və uçotsuz istifadə edir, bunların yolverilməz olduğu onların diqqətinə çatdırılır və maarifləndirmə işləri aparılır.

     

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev sudan qənaətlə istifadə ilə bağlı rəhbərlik etdiyi Nərimanov bələdiyyəsi tərəfindən də işlərin aparıldığını bildirib. Qeyd edib ki, bələdiyyəyə məxsus 7 hektarlıq parkın suvarılmasında artıq içməli sudan istifadə edilmir. Parkın suvarılması üçün 4 ədəd subartezian quyusu qazılıb və daha 3 quyunun qazılması nəzərdə tutulub.

İçməli sudan səmərəli istifadənin təmin olunması, israfçılığın qarşısının alınması, qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətində işçi qrupun yaradılması qərara alınıb. İşçi qrupunda  Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi icra nümayəndələri, Nərimanov Rayon Sukanal İdarəsinin əməkdaşları təmsil olunacaqlar.