logo

Xəzər rayonunda içməli sudan qeyri-qanuni istifadə hallarının qarşısı alınıb


Yaradılıb: 06-05-2023 13:21

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qeyri-qanuni və israfçılıqla istifadəyə qarşı tədbirləri davam etdirir. Xəzər rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz istifadə edən kommersiya obyektlərinin və fərdi yaşayış evlərinin su təchizatı dayandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə Xəzər rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Mərdəkan-Bilgəh yolunda yerləşən dekorativ ağacların satışı ilə məşğul olan sahibkar texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edir. Sudan qanunsuz istifadə etdiyinə görə obyekt sahibinə qarşı 2 dəfə inzibati tədbir görülsə də suyu talamaq əməlindən əl çəkməyib.

 
Nəzarət tədbirləri zamanı məlum olub ki, Binə qəsəbəsi Bolluq sahəsi adlanan ərazidə yerləşən “Arzu” şadlıq evinin müqaviləsi və sayğacı mövcuddur. Lakin obyektin sahibi sayğacdankənar xətdən istifadə edir. Obyektə sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq akt tərtib edilsə də obyekt sahibi ödənişdən imtina edib. Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsində yeni tikilmiş həyət evlərində də  sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. 
Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarının operativ məlumatlarına əsasən ümumilikdə 4817, Xəzər rayonunda isə 555 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.