logo

“Azərsu” ASC ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu imzalanıb


Yaradılıb: 20-04-2023 10:39

     

Aprelin 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib. İslasda Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır.

Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclasında İsraillə investisiya, innovasiyalar, ekologiya, informasiya, su, enerji, kənd təsərrüfatı, qida texnologiyaları sənayesi, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığı genişləndirilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında imzalanan Anlaşma Memorandumu su təchizatı və kanalizasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, tullantı və yağış sularının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi, tullantı  suların emalı və təkrar istifadəsi, planlaşdırma və innovasiyaya hədəflənən peşəkar təlimlər, texniki-iqtisadi əsaslandırma və texnoloji yeniliklərin, təcrübənin ötürülməsi, mövcud vəziyyətin qiymətləndirilməsi, yerli şərait nəzərə alınmaqla Azərbaycanda ən müasir qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutur.  Sənədi “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov və İsrail Milli Su Qurumunun vitse-prezidenti Yossi Yaakoby imzalayıblar.

İclasda həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.