logo

Abşeron rayonunda bir sıra obyektlərdə sudan qanunsuz istifadə halları aşkar edilib


Yaradılıb: 19-04-2023 16:07

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Abşeron rayonunda nəzarət tədbirləri həyata keçirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksində fəaliyyət göstərən “Zirvə” restoranında su sayğacı olsa da obyekt sahibi özbaşına çəkilmiş 32 mm diametrli boru vasitəsilə sudan qanunsuz istifadə edib.

Hökməli dairəsi adlanan ərazidə fəaliyyət göstərən dekorativ ağacların satışı məntəqəsində də sudan qeyri-qanuni istifadə edildiyi  aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verib.

Araşdırmalar zamanı Bakı-Sumqayıt yolu yaxınlığında yerləşən obyektdə də suyun talanması aşkar edilib. 50 mm diametrli boru vasitəsilə obyektə çəkilmiş su xətti qəza briqadası tərəfindən kəsilərək ləğv olunub. Hökməli-Qobu yolu üzərində yerləşən obyektlərdə də sudan uçotsuz və qanunsuz istifadə halları aşkarlanıb. Sahibkara məxsus aptek, mobil telefon və aksesuar satışı, geyim mağazası, şirniyyat evi və gözəllik salonunda sudan qeyri-qanuni istifadə edilib.

     

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Obyekt sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 2639, Abşeron rayonu üzrə 73 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 822 min kubmetr, Abşeron rayonu üzrə 27 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı 50-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.