logo

Su ehtiyatlarından səmərəli istifadəyə dair Ankarada müzakirələr aparılıb


Yaradılıb: 27-01-2023 17:21

   

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Anıtqəbiri ziyarət edib, Türkiyə Cümhuriyyətinin banisi Atatürkün məzarı önünə əklil qoyub və Anıtqəbir muzeyi ilə tanış olub.

Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazıb.

Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edən Azərbaycan nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.

Səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycan nümayəndə heyətini qəbul edib.

   

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri və mətin siyasi iradələri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib. Qarşılıqlı faydalı və uğurlu əməkdaşlığımızın artıq ikitərəfli formatdan çıxaraq, regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət!” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” kəlamları əsasında inkişaf edən münasibətlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində səsləndirdiyi “Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin imzalanma mərasimində səsləndirdiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” prinsipləri əsasında yeni mərhələyə qədəm qoyub.

Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı quruculuq layihələrin icrasında da Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Ermənistan tərəfindən işğal dövründə həmin ərazilərdə hər şey, o cümlədən bütün infrastruktur tam dağıdılıb və bunlar müasir tələblərə uyğun yenidən qurulur. Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hava limanları, su anbarları inşa edilir, avtomobil yolları salınır, dəmir yolları çəkilir, tunellər tikilir və digər bir sıra infrastruktur layihələri gerçəkləşdirilir.

Ankarada nümayəndə heyəti ilə eyni zamanda Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi arasında görüş keçirilib, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunması sahəsində Türkiyənin böyük təcrübəsi ətrafında müzakirələr aparılıb, təqdimatlar dinlənilib.

Səfər çərçivəsində nümayəndə heyəti Çamlıdərə su anbarına, Geredə içməli su tunelinə və bir sıra digər su təsərrüfatı obyektlərinə baxış keçirib, su təsərrüfatı obyektlərinin inteqrasiyalı idarə edilməsi və səmərəli istismarı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.