logo

Yasamal rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb


Yaradılıb: 12-10-2021 16:36

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın  qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəzarət tədbirləri davam etdirilir. Yasamal rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Yasamal rayonu ərazisində sudan ən çox qanunsuz istifadə Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Burada fəaliyyət göstərən “gecəqondu” tipli kababxanaların böyük əksəriyyəti sudan qanunsuz istifadə edib. Dəfələrlə edilən xəbərdarlıqlara və su təchizatının dayandırılmasına baxmayaraq obyekt sahibləri müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar.

Yasamal rayonu ərazisində aparılan nəzarət tədbirləri nəticəsində Əsəd Əhmədov ünvanında yerləşən “Yadigar” marketdə sudan uçotsuz və sayğacdankənar istifadə halı aşkarlanıb. Məlum olub ki, sahibkar uzun müddətdir obyektin su təchizatını binanın arxa həyətindən gizli çəkilmiş qanunsuz su xətti vasitəsi ilə həyata keçirir.

Yasamal rayonu Qurban Xəlilov küçəsində yeni tikilməkdə olan beşmərtəbəli yaşayış binasının yaxınlıqdan keçən əhali qrupu xəttinə qeyri-qanuni qoşulduğu aşkarlanıb.

 

Sudan uçotsuz və qanunsuz istifadə ilə bağlı aşkarlanmış faktlar üzrə akt tərtib edilib və qanunsuz çəkilmiş su xətləri ləğv olunub. Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin 9 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 183 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, 2021-ci ilin 9 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 12701,  Yasamal rayonu üzrə isə 252 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 550 min kubmetr, 94 min kubmetr həcmində sərfiyyat bərpa olunub.