logo

Xanbulan sutəmizləyici qurğusu


            

Lənkəran və Astara şəhəri, həmçinin  ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Hazırda bu mənbə hesabına Lənkəran şəhəri və ətraf kəndlər də içməli su ilə təmin olunur. Sutəmizləyici qurğuda  suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur.

Emal prosesindən keçən suyun anbarla ötürülməsi məqsədilə məhsuldarlığı saatda 450 kubmetr olan nasos stansiyası quraşdırılıb, 530 metr daşıyıcı kəmər tikilib. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 10000 kubmetr tutumu olan su anbarı Lənkəran, hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarına onlayn rejimdə tənzimlənir.

Hazırda bu mənbə hesabına Lənkəran və Astara şəhərləri, həmçinin Lənkəran rayonunun bir sıra kəndləri içməli su ilə təmin olunur.