logo

Mingəçevir sutəmizləyici qurğusu


                                                   

Mingəçevir şəhərini, həmçinin  ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir.