logo

Tullantı sularından üzvi gübrənin alınması üzrə ixtira təsdiqlənib


Yaradılıb: 29-03-2024 11:21

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında təbii resurslardan davamlı istifadə və tullantıların təkrar emalı prosesinin genişləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Əhalinin artımı, şəhərlərin böyüməsi və səneyinin inkişafı  tullantı sularının həcminin davamlı olaraq artmasına səbəb olur. Qlobal miqyasda tullantı sularının təmizlənərək müxtəlif sahələrdə istifadəsi ilə yanaşı, həmin sulardan alınan lil kütləsindən də istifadə ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən tullantı sularının tərkibində olan lil kütləsindən üzvi gübrələrin alınması üzrə C05F7/00 (2006.01) nömrəli ixtira təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC, Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin “Məişət-tullantı sularının təmizlənməsi zamanı əmələ gələn aktiv lildən üzvi gübrənin alınması üsuli “ adlı ixtirası ekoloji sabitliyin qorunması, kənd təsərrufatının inkişafı baxımından əhəmiyyətlidir. İxtira Dilqəm Tağıyev, Aydın Abbasov, Zarema Cabbarova və Vüqar Cəfərov tərəfindən hazırlanıb. İxtira müəlliflərindən biri əməkdar mühəndis Aydın Abbasov ADSEA “Azərsu” ASC-nin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisidir.

İxtira tullantı sularının aktiv lilindən ucuz və keyfiyyətli gübrənin istehsalını nəzərdə tutur.  İxtiraya əsasən, üzvi gübrə müəyyən dərəcədə susuzlaşdırılmış aktiv lilin pambıq yonqarı ilə qarışdırılaraq kimyəvi emalı və zərərsizləşdirilməsi yolu iləəldəedilir.

Bu məqsədlə üzvi-mineral kompleksin hazırlanma texnologiyası işlənib və Muğan-Salyan zonasının çəmən-boz torpaqlarında pambıq bitkisi üzrə təcrübə edilib. Təcrübə sahəsində aprel ayının üçüncü ongünlüyündə səpin aparılıb, may ayının birinci ongünlüyündə çıxış alınıb. Tədqiqatın nəticələrinə əsasən, bu cür gübrələr digərlərinə nisbətən bitkinin inkişafına daha yaxşı təsir göstərir.

Bitkilərin normal inkişafı üçün azot, fosfor, kaliumla yanaşı, torpağın münbitliyinin saxlanılmasında digər makro və mikroelementlərin tətbiqi vacibdir. Bu baxımdan tərkibində qida maddələri olan tullantı sularının aktiv lilindən üzvi maddə əlavə etməklə gübrələrin hazırlanması və kənd təsərrüfatında tətbiqi böyük əhəmiyyət kəsb edir.

Məişət tullantılarından gübrənin istehsalı ətraf mühitin mühafizəni təmin etməklə yanaşı, tullantıların daşınması, basdırılması xərclərinin qarşısını alır.