logo

"Qarabağ bölgəsində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrans keçirilib


Yaradılıb: 22-02-2024 17:59

   

   

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkil etdiyi "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrans 21 fevral 2024-cü il tarixində Four Seasons Hotel Baku-da keçirilib. Konfransda Azərbaycan və Almaniyadan olan 100-dən çox yüksək vəzifəli biznes və dövlət nümayəndəsi iştirak edib. Tədbir Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi (BMUV) Nazirliyinin dəstəyi ilə “Ətraf Mühit Texnologiyalarının İxrac Təşəbbüsü” çərçivəsində təşkil olunub.

Layihə çərçivəsində həmçinin Almaniya şirkət nümayəndələrinin Azərbaycana 3 günlük işgüzar səfəri baş tutub.

 Tədbirin əsas məqsədi su və tullantı sularının idarə olunması sahəsinə maraq göstərən Almaniya və Azərbaycan şirkətlərini, həmçinin müvafiq iqtisadi və siyasi qurumların yüksək vəzifəli nümayəndələrini, o cümlədən bu sahə üzrə mütəxəssisləri bir araya gətirərək aktiv təcrübə mübadiləsi üçün səmərəli bir platforma yaratmaq olub. Əsas mövzulara Azərbaycanın qərbində yerləşən Kür, Araz və Oxçuçay kimi transsərhəd çayların ekoloji problemlərinin həlli, suyun keyfiyyətinin yaxşılaşdırılması, həm içməli, həm də kənd təsərrüfatı məqsədləri üçün suyun təmizlənməsinin tədqiqi daxil olub. Bundan əlavə, tədbir panel müzakirələri, mütəxəssis çıxışları, seminar və ikitərəfli işgüzar görüşləri fonunda məxsusi olaraq dövlət-özəl dialoq imkanları təklif edib.

AHK Azərbaycanın İdarə Heyətinin İcraçı üzvü Tobias Baumann tədbirin açılış nitqi ilə çıxış edib və görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Bunun ardınca, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Əkbər Əsgərov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Çingiz Abdullayev iştirakçılara Azərbaycanın su təsərrüfatında aktual problemlər və həll yolları mövzusunda qısa şəkildə məlumat verib. Hər iki spiker Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl Dünya naminə Həmrəylik ili” elan etməsini diqqət mərkəzinə çəkib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, öz çıxışında su siyasətinin həllində beynəlxalq əməkdaşlığa yüksək ehtiyac olduğunu vurğulayıb və Bakıda keçiriləcək COP29 konfransının bu baxımdan əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən Alman Ticarət və Sənaye Palatası, GreenTech Service GmbH layihə məsləhətçisi Tanja Meuer çıxışı zamanı Ətraf Mühit Texnologiyalarının İxrac Təşəbbüsü və AHK Layihələri daxilində gördüyü işlərdən söz açıb.

Rəsmi açılışdan sonra Almaniya nümayəndə heyətinin, o cümlədən Lutz-Jesco GmbH (Maxim Potapov), Megger Germany GmbH (Anatolii Glijin), Herrenknecht AG (Alexey Bokhan), Siemens AG (Ruslan Mironov), Bioworks Verfahrenstechnik GmbH (Yusif Məmmədəli) və DuPont Water Solutions (Jochan Peschel və Evgeny Dolgov) şirkətlərinin nümayəndələri öz şirkətlərini və təklif etdikləri alman istehsalı texnologiyaları təqdim ediblər.

Konfrans Qarabağ regionunda infrastruktur və su layihələrinin cari vəziyyəti ilə bağlı panel müzakirələri ilə davam edib. Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi Zamin Bədirxanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Fuad Abışev və İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndəsi Mehman Rzayev öz dəyərli fikirlərini və perspektivlərini təqdim edərək paneldə fəal iştirak edib. Onlar davamlı standartların zəruriliyini vurğulayıb və regionda “ağıllı kəndlər”in daha da inkişaf etdirilməsini müzakirə ediblər. Digər önəmli aspekt su ehtiyatlarının davamlı şəkildə idarə olunması haqqında məlumatlılığın artırılması və buna xüsusən də təhsil müəssisələrində ehtiyac olduğu qeyd olunub. Bundan əlavə, Almaniya ilə Azərbaycan arasında akademik əməkdaşlığın genişləndirilməsinə yüksək marağın olduğu ifadə edilib.

Konfrans səmərəli su təchizatı və tullantı sularının təmizlənməsi üçün həllər mövzularında panel müzakirələri, interaktiv seminar və Almaniya və Azərbaycan şirkətlərinin gələcək əməkdaşlıq imkanlarını müzakirə etdiyi ikitərəfli işgüzar görüşləri ilə başa çatıb.