logo

Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 20-02-2024 14:44

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihəsinin icrası intensiv qaydada davam etdirilir. Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır. Böyük Qayıdış Proqramının icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun isə qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə Xocalı şəhərini  24 saat fasiləsiz içməli su ilə təmin  etməyə imkan verəcək. Xocalı şəhərinin içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq. 

   

Xocalı şəhərində mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir. Qeyd edək ki, Xocalı şəhərinin bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi tərəfindən xidmət göstərilir.