logo

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib


Yaradılıb: 27-12-2023 18:12

     

27 Dekabrın 2023-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında sahibkarlıq subyektlərinin su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.

Gündəliyə uyğun olaraq işçi qrupunun ötən iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə ətraflı məlumatlar verilib. Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (su)” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyətinə dair hesabat dinlənilib. İclasın gündəliyinə uyğun olaraq 2024-cü il üçün yeni Yol Xəritəsinin hazırlanması istiqamətində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

İclasda “Azərsu” ASC-nin məsul vəzifəli şəxsləri və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.