logo

Abşeron rayonunda obyektlərdə və yaşayış evlərində içməli sudan qanunsuz istifadənin qarşısı alınıb


Yaradılıb: 10-10-2023 14:53

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Abşeron rayonunda həyata keçirilən nəzarət tədbirləri zamanı bəzi fərdi yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə hallarının qarşısı alınıb.

       

Xırdalan şəhəri, Yoncalıq adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 7 fərdi həyət evində sudan qanunsuz istifadə halları aşkarılanıb. Məlum olub ki, həmin evlərin su təchizatı üçün texniki şərt alınmayıb və müqavilə bağlanmayıb. Evlərin su təchizatı məqsədilə 32 mm-lik boru ilə magistral xəttə qanunsuz birləşmə verilib. Aparılan araşdırma zamanı Hökməli-Qobu yolunda yerləşən bir sahibkara məxsus “Sədərək topdan satış” və ət kəsimi məntəqəsində suyun talanması faktı aşkar edilib. Sahibkar sudaşıyan maşınla su alıb çənini doldurduğunu iddia etsə də araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən magistral su kəmərindən həmin çənə qeyri-qanuni su xətti çəkilib.

Hökməli-Qobu yolunda yerləşən bir sahibkara məxsus kafe və “Yeni market”də də sudan qanunsuz istifadə faktı müəyyən edilib. Qobu qəsəbəsində yerləşən avtoyuma məntəqəsində də oxşar vəziyyətə rast gəlinib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

   

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 14220, Abşeron rayonunda isə 1386 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.