logo

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Azərsu” ASC-nin 4 müəssisəsi müsabiqənin qalibi olub


Yaradılıb: 28-04-2023 15:51

     

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatı 2023-cü ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi ilə qeyd etməyi tövsiyə edib.  2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurumun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.

Müsabiqədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 4 müəssisəsi – Nəzarət Ölçü Cihazları İdarəsi, Suraxanı, Xətai və Nəsimi rayon sukanal idarələri qalib təşkilatlar sırasında yer alıb. Həmin müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində işlər yüksək qiymətləndirilib.

Sonda müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 mindən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.