logo

Binəqədi rayonunda ət mağazası və fərdi yaşayış evlərində sudan qanunsuz istifadə halları aşkarlanıb


Yaradılıb: 27-04-2023 15:53

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib. 2-ci mədən, 78-ci korpus ünvanında fəaliyyət göstərən ət kəsimi məntəqəsində suyun talandığı aşkarlanıb. Sahibkar texniki şərt almadan şəbəkəyə özbaşına qoşulub. Özünü qazi kimi təqdim edən sahibkar sudan qanunsuz istifadə etməklə yanaşı, əməkdaşların qanuni tələblərinə də məhəl qoymayıb.

Binəqədi  qəsəbəsi Nurlu massivində tikilən apartman tipli yaşayış binasında da texniki şərt almadan, müqavilə bağlanmadan sudan qanunsuz istifadə edilir. Həyata keçirilən nəzarət tədbirləri  zamanı sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilmiş fərdi yaşayış evlərinin hər birinə qanunsuz  su xətti çəkildiyi də məlum olub.

   

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib və su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 2638, Binəqədi rayonunda 528 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.