logo

“Azərsu” ASC-də Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman ilə görüş keçirilib


Yaradılıb: 21-10-2022 16:58

   

Oktyabrın 21-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Macarıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Tamaş Torman ilə görüş keçirilib.

 “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su  sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək  layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Bu sahədə Macarıstan şirkətləri ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayan K.Həsənov “Budapeşt Su İşləri” şirkəti ilə aparılan təcrübə mübadiləsinin töhfələrindən danışıb. Qeyd olunub ki, ötən müddətdə informasiya sistemlərinin, informasiya və kommunikasiya texnologiyaları strategiyasının işlənib hazırlanması  və digər sahələrlə bağlı imzalanmış müqavilələrdən irəli gələn vəzifələr uğurla icra olunub.

Macarıstan Respublikasının Azərbaycandakı səfiri Tamaş Torman iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Macarıstan hökuməti və şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə maraqlandığını qeyd edərək gələcək əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə, içməli su təchizatı və kanalizasiya sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.