logo

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə 15309 müraciət daxil olmuşdur


Yaradılıb: 21-12-2015 12:11

                               

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın  artırılmasına səbəb olmuşdur.

2015-ci ilin 11 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15309 müraciət edilmişdir. Müraciətlərin  5357-i qeydiyyatda olan və “Azərsu”  ASC-nin abonent bazasında təsdiqini tapmış  məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olmuşdur. Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət  smart sayğacın dəyişdirilməsi  ilə əlaqədar yeni  kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olmuşdur. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınmışdır.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılmışdır. Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət”  mərkəzlərində təşkil olunmuşdur. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçmişdir.