logo

Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir


Yaradılıb: 17-12-2015 11:29

               

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA)  birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində  Xaçmaz şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılmışdır.

Qeyd edək ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin  su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaqdır.

İcrasına 2012-ci ilin aprel ayında başlanılmış layihənin birinci mərhələsində  Xaçmaz şəhərinin əsas su mənbəyi sayılan  Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230  litrə çatdırılmışdır. Su mənbəyindən anbarlaradək 400 mm diametrli  borularla 2 km uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10000 kubmetr olan 4 ədəd (2 ədəd 3000 kubmetrlik,  2 ədəd 2000 kubmetrlik) su anbarı, 1,6 km uzunluğunda anbarlararası su xətti inşa edilmişdir. Anbar kompleksində yeni xlorator binasının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.

Layihənin ikinci mərhələsi çərçivəsində Xaçmaz şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılmışdır. Xaçmaz şəhərində inşası nəzərdə tutulan 142,6 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 12 minədək abonent şəbəkəyə qoşulacaq və smart-sayğaclarla təmin olunacaq.

Tullantı sularının idarə edilməsi məqsədilə inşası nəzərdə tutulan 148 km uzunluğunda kanalizasiya şəbəkəsinin 12 km-lik hissəsi tikilmiş, 1,2 km uzunluğunda, 1400 mm diametrli kanalizasiya kollektorunun inşası isə yekunlaşmaq üzrədir.

Şəhərdə yaranacaq tullantı suları  Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı,  Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.