logo

Qusar şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir


Yaradılıb: 11-12-2015 10:05

                 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir.  Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir.

“Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərininin yenidən qurulması” layihəsi  2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində  19,6 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun  Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaqdır. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaqdır.

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılmışdır. Birinci mərhələdə su mənbəyində - Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 17,4 km uzunluğunda magistral su xətti çəkilmişdir.  Qusar şəhərini və ətraf kəndləri dayanıqlı su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 1000 kubmetr olan 3 ədəd su anbarı,  2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunmuşdur.  

Layihənin ikinci  mərhələsində Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilmiş 106 km içməli su  şəbəkəsinin 61  km-lik hissəsi inşa edilmiş, 2400-dən çox  ünvana  birləşmə verilmişdir. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 104 km kanalizasiya şəbəkəsinin 86 km-lik hissəsində işlər yekunlaşmış, 4000 qədər   ünvana ev birləşməsi verilmişdir.

Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən  çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Yeri gəlmişkən, bu qurğuda  Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcəkdir.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”  çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.  Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.