logo

Tələbələrin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyası təşkil edilmişdir


Yaradılıb: 23-11-2015 10:00

                                    

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti  arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” memoranduma uyğun olaraq tələbələrin istehsalat sahələrinə mütəmadi  səfərləri təşkil olunur. BDU-nun Geologiya fakultəsinin Hidrogeologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri yeni istifadəyə verilmiş  Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya etmişlər.

Ekskursiya müddətində tələbələrə kompleksin tikintisi, suyun emal prosesləri və nəql infrastrukturu barədə məlumat verilmişdir. Tələbələr suyun mənbədən götürülərək  son emala qədər olan bütün proseslər barədə ətraflı biliklər əldə etmiş, qurğuların fəaliyyətini əyani şəkildə izləmişlər. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində  quraşdırılmış  ultrasüzgəclər tələbələrin xüsusi marağına səbəb və belə bir texnologiyanın Azərbaycanda ilk dəfə tətbiqi onlarda xoş təəssürat yaratmışdır. Tələbələr müasir komplekslə əyani tanışlığın praktiki baxımdan əhəmiyyətli olduğunu qeyd etmişlər.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti   arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum 24 yanvar 2014-cü ildə imzalanmışdır. Sənəd təhsil, elm, istehsalat sahələrində əməkdaşlıq məsələlərini nəzərdə tutur.