logo

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olmuşlar


Yaradılıb: 13-11-2015 08:13

   

Azərbaycanda səfərdə olan Böyük Britaniya Parlamentinin  Lordlar Palatasının üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər etmiş, burada  yaradılmış şəraitlə tanış olmuşlar.

 Komplekslə tanışlıq çərçivəsində qonaqlara məlumat verilmişdir ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Qurğuda 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır. Qonaqların diqqətinə çatdırılmışdır ki, burada tam qapalı, avtomatik rejimdə təmizlənən su  Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir.

Qonaqlara məlumat verilmişdir ki, kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunmuşdur.  

          Böyük Britaniya Parlamentinin üzvləri komplekslə tanışlıq çərçivəsində SCADA otağında olmuş və qurğunun idarə olunma prosesini izləmişlər.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi qonaqların böyük marağına səbəb olmuş və onlar xatirə kitabına ürək sözlərini yazmışlar.