logo

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 12-11-2015 12:03

             

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Noyabrın 12-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını diqqətə çatdırmışdır.

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat aldıqdan sonra ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Fransis Braun bildirmişdir ki, Azərbaycanda içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılmışdır.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Cəmiyyətin yeni Təlim-Tədris Mərkəzinin inşa olunduğunu və artıq fəaliyyətə başladığını da bildirmişdir: “Dünya Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarının nümayəndələri mərkəzlə tanış olublar. Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır və  Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırıq”. 

Günün ikinci  yarısında Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Təlim Tədris Mərkəzində olmuşdur. Səfər müddətində nümayəndə heyəti Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaqlar.

Qeyd edək ki, Dünya Bankının su təchizatı və kanalizasiya üzrə aparıcı mütəxəssisi vəzifəsini indiyə qədər Manuel Marino icra edirdi.