logo

Türkan və Zirə qəsəbələrinə mərkəzləşdirilmiş qaydada içməli suyun verilməsinə başlanmışdır


Yaradılıb: 02-11-2015 11:26

           

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi" haqqında Dövlət Proqramına uyğun olaraq  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən  Bakı şəhəri, ətraf qəsəbələr və yaşayış massivlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Dövlət proqramı çərçivəsində Xəzər rayonunun Türkan və Zirə qəsəbələrinin içməli su təchizatının yenidən qurulması layihələrinin birinci mərhələsi yekunlaşmışdır. Oktyabrın 31-də hər iki qəsəbəyə  yeni yaradılmış infrastruktur vasitəsilə içməli suyun verilməsinə başlanılmışdır.

 Açılış mərasimlərində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi  və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə  xətti  Abşeron yarımadasının böyük bir hissəsinin içməli su ilə təmin etməyə imkan yaratmışdır: “Möhtərəm     Prezident İlham Əliyev Bakıətrafı kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Məlum olduğu kimi Abşeron yarımadasında yerləşən qəsəbələrin bir hissəsinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi olmamışdır. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə  magistral kəmərinin tikintisi ilə paralel yaşayış məntəqələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılmışdır. Bu gün Türkan və  Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanılır və bu münasibətlə qəsəbə sakinlərini təbrik edirəm”.

 

   

 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Türkan və Zirə qəsəbələrində ilk dəfə  içməli su təchizatının sistemlərinin yaradılmasını böyük hadisə adlandırmış, bu layihələrin qəsəbələrin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmişdir: “Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər Xəzər rayonunda  böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. Əhalinin həyat səviyyəsini yaxşılaşmasına yönəlmiş su təchizatı  layihəsinin icrasına görə rayon sakinləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”. 

Qeyd edək ki,  Türkan və Zirə qəsəbələrinin içməli su təchizatı sistemlərinin yaradılması layihələrinin icrasına 2015-ci ilin mart ayında başlanılmışdır. Hər iki qəsəbəni dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi seçilmişdir. Türkan qəsəbəsini içməli su ilə təmin etmək üçün 280 mm diametrli borularla 4,2 km uzunluğunda magistral su xətti çəkilmişdir. Qəsəbə ərazisində  müxtəlif diametrli borularla 37 km-ə yaxın su şəbəkəsi yaradılmış, 800-dək evə birləşmə verilmiş və 400-dən artıq abonent smart sayğacla təmin olunmuşdur. Hazırda smart sayğacların quraşdırılması davam etdirilir.

Zirə qəsəbəsində həyata keçirilən layihə çərçivəsində isə 160 mm diametrli borularla 3 km uzunluğunda magistral su xətti çəkilmişdir. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 30 km-ə yaxın su şəbəkəsi yaradılmış, 700-ə yaxın evə birləşmə verilmiş və 300-dən çox abonent smart sayğacla təmin olunmuşdur. Hazırda sayğaclaşma işləri davam etdirilir.

Artıq yeni şəbəkədən Türkan və Zirə qəsəbələrində birləşmə verilmiş evlərin sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Qəsəbələrin digər hissəsinin su təchizatının aparılması üçün əhali artımı nəzərə alınmaqla layihələndirmə işləri həyata keçirilir və gələcəkdə dövlət investisiyaları hesabına tikinti işləri davam etdiriləcəkdir.

Qeyd edək ki, 11500 nəfər əhalisi olan Türkan və 11700 nəfər əhalisi olan Zirə qəsəbələrində  mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları hesabına ödəyib  və ya içməli suyu maşınlarla alıb.