logo

Mətbuat nümayəndələrinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səyahəti təşkil edilmişdir


Yaradılıb: 31-10-2015 06:20

         

  Oktyabrın 30-da  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səyahəti təşkil edilmişdir. Jurnalistlərə məlumat verilmişdir ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

   Kompleksin işi ilə tanışlıqdan sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Son illər Prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təmin edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin icrasını təmin etmək üçün həyata keçirilən tədbirlərdən bəhs edən “Azərsu” ASC-nin sədri bildirmişdir ki, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, eyni zamanda, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Bununla yanaşı, Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verirdi. Bu məsələ “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı” layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdır. Kompleks layihələndirilərkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürüldü. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun tikintisi qərara alındı. 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Bu da onu göstərir ki, ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiyanın məhz ultrasüzgəcli qurğuların sayıldığını diqqətə çatdıran Q. Hüseynov qeyd etmişdir ki, membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən–bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Bu tip qurğularda tam qapalı, avtomatik rejimdə təmizlənən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.

   Qeyd olunmuşdur ki, kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunmuşdur. Bu unikal qurğuda emal olunmuş təmiz və keyfiyyətli içməli su Abşeron rayonunun və Bakı ətrafı qəsəbələrin 35 faizinin tələbatını ödəyir. Gələcəkdə isə qurğunun gücünün artırılması ilə bu rəqəmin 40 faizə çatdırılması mümkün olacaq.

  Q. Hüseynov bildirmişdir ki,   dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

  Sonda “Azərsu” ASC-nin sədri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır.