logo

Qırğızıstan nümayəndə heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər etmişlər


Yaradılıb: 29-10-2015 05:57

Su təsərrüfatı sektorunda təcrübə mübadiləsinin aparılması məqsədi ilə Azərbaycanda səfərdə olmuş Qırğızıstan nümayəndə heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində yaradılmış şəraitlə tanış olmuşlar. Qırğızıstanın Arxitektura, Tikinti və Kommunal Xidmətlər üzrə Dövlət Agentliyinin, İçməli Su Təchizatı Departamentinin, Sulutka və Kerben şəhərlərinin rəhbərliyi, İcmaların İnkişafı və İnvestisiya Agentliyinin üzvlərindən ibarət nümayəndə heyətinə məlumat verilmişdir ki,  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci ilin sentyabrında qoyulmuşdur.  Layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsini təmin edən suqəbuledici qurğular tikilmişdir. Ultrasüzgəclərdə emal olunan su Dünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qırğızıstan nümayəndə heyətinin rəhbəri, Qırğızıstanın İçməli Su Təchizatı Departamentinin direktoru Asker Toktoşev su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Azərbaycanın böyük təcrübəsi olduğunu bildirmişdir: “ Müasir texnoloji avadanlıqlar və qurğularla təchiz edilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olduq. Eyni təcrübədən öz ölkəmizdə istifadə etmək niyyətindəyik. Səfər zamanı su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulan Şamaxı və İsmayıllı rayonlarında da olduq. Bu rayonlarda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk”.

Qırğızıstanın İcmaların İnkişafı və İnvestisiya Agentliyinin üzvü Balbak Umetov xarici ölkələrə etdikləri səfərlərdə indiyədək belə qurğuya rast gəlmədiklərini diqqətə çatdırmışdır. O, burada tətbiq olunan  texnologiyaların gələcəkdə Qırğızıstanda tətbiq etmək niyyətində olduqlarını diqqətə çatdırmışdır.

Qırğızıstan nümayəndə heyəti “Azərsu” Açıq Səhmdar CəmiyyətininTəlim-Tədris Mərkəzində və  Mərkəzi Laboratoriyada yaradılan şəraitlə də tanış olublar. Qonaqların diqqətinə  çatdırılmışdır ki,  Hövsan Aerasiya Stansiyasının ərazisində tikilən Təlim-Tədris Mərkəzində gələcəkdə yerli təlimlərlə yanaşı, regional və beynəlxalq səviyyədə təlimlər təşkil ediləcəkdir.