logo

Şəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 30-10-2015 12:59

            

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Bu məqsədlə Şəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərində icra olunan layihələr uğurla başa çatdırılmış və oktyabrın 29-da yeni su təchizatı sistemlərinin  istifadəyə verilməsi ilə bağlı mərasim keçirilmişdir.

Mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmisi Rasim Mustafayev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirmiş və qeyd etmişdir ki, Hacıalılar  və Düzqışlaq kəndlərinin sakinləri uzun  illərdir içməli su qıtlığından əziyyət çəkirdi. “Azərsu” ASC-nin həyata keçirdiyi layihələrin icrası qısa müddətdə yekunlaşmış  və sakinlərin içməli su problemi həllini tapmışdır.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov  bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı proqramlarına uyğun olaraq bölgələrdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün daha iki kəndə içməli suyun verilməsi təmin edilir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə digər rayonların içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcəkdir”.

Şəmkir rayonunun Hacıalılar kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 500-dək sakinin su təchizatının yaxşılaşdırılmasına  hesablanmışdır. Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi bulaqlar seçilmişdir. Bulaqlardan götürülmüş suyun  istehlakçılara çatdırılması məqsədi ilə, hər birinin tutumu 30 kubmetr olan 4 ədəd anbar tikilmiş, nasos stansiyası və transformator quraşdırılmışdır.  Bununla yanaşı 500 metr magistral, 750 metr kəndarası su xətləri çəkilmiş, kəndin müxtəlif yerlərində 3 ədəd bulaq quraşdırılmışdır. Gələcəkdə bulaqların sayının artırılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, indiyə qədər Hacıalılar  kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada  uzaq məsafədə yerləşən bulaqlardan gətirirdi. 

   

Şəmkir rayonunun Düzqışlaq kəndinin dəmir yol stansiyası ərazisində 60  kubmetrlik su çəni və paylayıcı şəbəkə olsa da əhalinin su təminatında  problemlər yaşanırdı. Yeni subartezian quyusunun qazılmasından sonra 600 nəfər əhalisi olan kəndin dayanıqlı  su təchizatı təmin edilmişdir.