logo

Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 29-10-2015 11:00

                                              

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda, xüsusilə içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması  məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq növbəti layihə Quba rayonunun  Zərdabi qəsəbəsində icra edilmişdir. Oktyabrın 29-da Zərdabi qəsəbəsində  yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilmişdir.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov  Zərdabi qəsəbəsində  uzun illərdir içməli su probleminin olduğunu qeyd etmiş, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin böyük nailiyyət olduğunu diqqətə çatdırmış və buna görə qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirmiş və icrası başa çatmış layihələrin əhalinin sosial rifahının  yaxşılaşmasına  töhfələr verdiyini diqqətə çatdırmışdır: “Möhtərəm Prezident İlham Əliyev hər bir yaşayış məntəqəsinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmasını prioritet kimi müəyyənləşdirmişdir. Kənd və qəsəbələrdə  belə layihələrin həyata keçirilməsi xüsusi olaraq diqqətdə saxlanılır. Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından burada yeni quyuların qazılması qərara alınmışdır. Qısa müddətdə işlər başa çatdırılmış və yeni subartezian quyulardan içməli suyun verilməsini təmin edilmişdir. Gələcəkdə Quba rayonunun digər kənd və qəsəbələrində də yeni layihələrin icrası nəzərdə tutulur”.

                                               

   Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3900 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Qəsəbəni içməli su ilə təmin etmək məqsədi ilə 2 ədəd yeni subartezian quyusu qazılmışdır. Buradan götürülən su əvvəldən mövcud olan 12 km  uzunluğunda magistral kəmərlə qəsəbə sakinlərinə çatdırılır. Hazırda qəsəbə sakinləri  4,5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsi ilə içməli su alır. Yeri gəlmişkən,  su təchizatının dayanıqlığını təmin etmək üçün yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kubmetr olan 2 ədəd su çəni quraşdırılmışdır. Qeyd edək ki, qəsəbənin içməli su təchizatı yerli bələdiyyə tərəfindən həyata keçirilir.