logo

Qırğızıstan su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasında Azərbaycanın təcrübəsini öyrənir


Yaradılıb: 27-10-2015 10:58

           

Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında su təsərrüfatı sektorunda təcrübə mübadiləsinin aparılması məqsədi ilə Qırğızıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dünya Bankının təşəbbüsü ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Qırğızıstanın Arxitektura, Tikinti və Kommunal Xidmətlər üzrə Dövlət Agentliyinin,  İçməli Su Təchizatı Departamentinin, Sulutka və Kerben şəhərlərinin rəhbərliyi, İcmaların İnkişafı və İnvestisiya Agentliyinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirmişdir ki, bu sahədə beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq edilir: “Azərsu” ASC-nin reallaşdırdığı bəzi layihələr beynəlxalq maliyyə qurumları ilə birgə maliyyələşdirilir. Bu əməkdaşlıq çərçivəsində şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya infrastrukturları müasir standartlar səviyyəsində yenidən qurulur. Əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İnfrastrukturların yenidən qurulması ilə yanaşı, yeni texnologiyaların tətbiqi və kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir. Ümidvarıq ki, bu sahələrdə qazandığımız təcrübə Qırğızıstan tərəfi üçün maraqlı və faydalı olacaqdır.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri, Qırğızıstanın İçməli Su Departamentinin rəisi Asker Toktoşev su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Azərbaycanın böyük təcrübəsi olduğunu bildirmiş, bu sahədə   “Azərsu” ASC ilə gələcək əməkdaşlığın  geniş perspektivləri olduğunu diqqətə çatdırmışdır: “Qırğızıstan hökuməti beynəlxalq maliyyə təşkilatlarının yardımı ilə  regionlarda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlayır. Beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı kompleks investisiya proqramlarının həyata keçirilməsidə Azərbaycan təcrübəsindən istifadə olunmasını tövsiyə etmişdir. Bu məqsədlə Azərbaycanda olduğumuz müddətdə “Azərsu” ASC-nin həyata keçirdiyi layihələrlə əyani tanış olmaq niyyətindəyik”.

Görüşdə “Azərsu” ASC ilə Qırğızıstanın müvafiq qurumları arasında bilik və təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı və İsmayıllı şəhərlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri, həmçinin  “Azərsu” ASC-nin Təlim-Tədris Mərkəzində, Mərkəzi Laboratoriyada yaradılmış şəraitlə tanış olacaq, digər obyektlərə səfər edəcəklər.