logo

Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşmışdır


Yaradılıb: 26-10-2015 10:17

 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir.  Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərin böyük hissəsi yekunlaşmışdır.

 “Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmaqla 3 mərhələdə həyata keçirlir. 

 

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları,  ümumi həcmi 1000  kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilmişdir. Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər  3,4 km özüaxımlı magistral və anbarlararası  kəmərlər çəkilmiş və laboratoriya binası inşa edilmişdir.

 

Layihənin ikinci  mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilmişdir. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilmişdir. Şəhər üzrə layihələndirilmiş 131 km içməli su  şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılmış, 7 minə yaxın  ünvana  birləşmə verilmişdir. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşmış, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu  inşa edilmişdir. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulmuşdur.

Şamaxı şəhərində yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və  sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcəkdir.