logo

BMT İnkişaf Proqramının ekspertləri ilə görüş keçirilmişdir


Yaradılıb: 23-10-2015 06:50

          

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının həyata keçirdiyi  “Kür-Araz hövzəsində transsərhəd deqradasiyanın azaldılması” layihəsinin II mərhələsinin icrasına başlanılması ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində layihənin mütəxəssisləri və ekspertləri ilə görüş keçirilmişdir. Görüşdə layihənin rəhbəri Meri Metyus, Misir Ərəb Respublikasından ekspert Əhməd Əbu Əlsəud, layihənin Azərbaycan üzrə milli koordinatoru Fərda İmanov və Gürcüstan Respublikasının su və  ətraf mühitlə əlaqədar təşkilatlarını təmsil edən nümayəndə heyəti iştirak etmişdir.

Görüşdə layihənin rəhbəri Meri Metyus layihə barədə məlumat verərək bildirmişdir ki, bu layihə Kür-Araz hövzəsində yeraltı və yerüstü su ehtiyatlarının koordinasiyalı idarə edilməsini gücləndirəcəkdir.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adişirin Ələkbərov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin son illərdə həyata keçirdiyi su təchizatı və kanalizasiya layihələri barədə nümayəndə heyətinə geniş məlumat vermişdir. Həmçinin Gürcüstan nümayəndə heyəti üzvlərinin iki ölkə arasında transsərhəd su obyektləri ilə əlaqədar suallarına aydınlıq gətirmişdir.

Görüşdə Kür çayının transsərhəd çirklənmə problemləri və bunun qarşısının alınması üçün birgə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin önəmli olduğu vurğulanmışdır.