logo

Təlimləri uğurla başa vurmuş əməkdaşlara sertifikatlar verilmişdir


Yaradılıb: 21-10-2015 09:03

         
   “Azərsu” ASC ilə “Suez Environnement” şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hou ötürülməsi və texniki yardıma dair müqavilə" çərçivəsində təşkil olunmuş təlimlərin iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

  “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov mərasimdə çıxış edərək bildirmişdir ki, Səhmdar Cəmiyyətin fəaliyyətində qabaqcıl texnologiyaların və müasir  idarəetmə sistemlərinin tətbiqi prioritet təşkil edir. Bütün bunlar nəzərə alınaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilir. Gələcəkdə tədris prosesinin effektivliyinin artırılması, xarici təlimçilərdən asılılığın azaldılması üçün daxili təlimçi bazasının formalaşdırılmasına ehtiyac vardır. Bu baxımdan “Suez Environnement” şirkəti ilə əməkdaşlıq böyük fayda verəcəkdir.

   “Suez Environnement” şirkətinin Beynəlxalq inkişaf üzrə prezidenti Erik Gebali təlimlərin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər “Azərsu” ASC-nin gələcək fəaliyyətinə töhfələr verəcəkdir.

    Daha sonra daxili təlim kursunu başa vurmuş və İspaniyanın Barselona şəhərində keçirilmiş təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim olunmuşdur.

   Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində 34 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaqdır.