logo

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir


Yaradılıb: 13-10-2015 05:23

         

Oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirmişdir. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artmışdır. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 5,8 faiz artmış, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuşdur.

Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd etmişdir ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən Prezident İlham Əliyev xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulamış və bildirmişdir ki,  hazırda 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən Prezident İlham Əliyev qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirmişdir.

Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirmişdir. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırmışdır.

Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan Prezident İlham Əliyev təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirmişdir.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov  cari ilin 9 ayında görülən işlərlə bağlı məruzə etmişlər.

Yekun nitqində Prezident İlham Əliyev bildirmişdir ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırmışdır.  Bununla da Azərbaycan MDB-də birinci yerdədir, beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəltmişdir. Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı bildirmişdir ki,  prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışmışdır. Dövlət başçısı qeyd etmişdir ki,  ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini diqqətə çatdırmış, içməli su, kanalizasiya layihələrinin davam etdiriləcəyini vurğulamışdır.  “İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır”.

Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirmişdir. Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlar vermiş, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə etmişdir.