logo

“Azərsu” ASC Beynəlxalq Təhsil və Karyera sərgisində uğurla təmsil olunmuşdur


Yaradılıb: 12-10-2015 10:54

           

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 9-11 oktyabr 2015-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində uğurla  təmsil olunmuşdur.  “Iteca Caspian LLC” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər qurumların dəstəyi ilə təşkil olunmuş sərgidə “Azərsu” ASC-nin  xüsusi stendi quraşdırılmışdır.

“Azərsu” ASC tərəfindən  sərgiyə 8 vəzifə və 3 peşə üzrə vakant iş yerləri çıxarılmışdır. Vakant iş yerləri su təchizatı və kanalizasiya sistemləri tikintisi, proseslərin avtomatlaşdırılması, elektroenergetika, mexanika, SCADA və CİS mühəndisliyi vəzifələri, həmçinin nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, nasos qurğularının maşinisti, təmirçi çilingər peşələri üzrə olmuşdur. “Azərsu” ASC-nin stendi ilə maraqlanan şəxslərə Səhmdar Cəmiyyətin fəaliyyəti, təqdim olunan iş yerləri barədə ətraflı məlumatlar  verilmişdir.

Sərgi müddətində “Azərsu” ASC-nin stendi böyük marağa səbəb olmuş və yüzlərlə ziyarətçi  tərəfindən izlənilmişdir.  3 gün davam edən sərgidə 800-ə yaxın vətəndaş  “Azərsu” ASC-də işləmək arzusunda olduğunu bildirərək şəxsi məlumatlarını təqdim etmişdir. Bu göstəriciyə görə “Azərsu” ASC-nin stendi sərgidə təmsil olunan təşkilatlar arasında xüsusilə seçilmişdir. Sərgi təşkilatçılarından ibarət komissiyanın yekun qərarına görə “Azərsu” ASC-nin stendi  “Ziyarətçilərlə ən fəal olan stend” nominasiyasının qalibi olmuşdur. Qeyd edək ki, “Azərsu” ASC 2014-cü ildə keçirilmiş sərgidə də  bu nominasiya üzrə qalib seçilmişdir.

“Azərsu” ASC-yə işaxtaranlar tərəfindən edilmiş müraciətlər araşdırıldıqdan sonra prioritet əhəmiyyət kəsb edən vəzifə və ixtisaslar üçün seçilmiş namizədlər müsabiqəyə dəvət olunacaq.

Ümumilikdə sərgi təhsil seçimi, ixtisasartırma,  işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq  sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, sərgidə dünyanın 16 ölkədən 124 iştirakçı xüsusi stendlə iştirak etmişdir.