logo

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Təlim-Tədris Mərkəzi fəaliyyətə başlamışdır


Yaradılıb: 02-10-2015 11:19

   

 

Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması, bu sahədə müvafiq infrastrukturun yaradılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlamışdır.

Hövsan Aerasiya Stansiyasının ərazisində mövcud inzibati bina əsaslı təmir olunmuş, zəruri mebel və avadanlıqlarla təchiz edilmişdir. Ümumi sahəsi 5000 kv metr olan binanın zirzəmisində ilkin tibbi yardım otağı, inzibati otaqlar, arxiv, anbar yaradılmışdır. Mərkəzin 1-ci və 2-ci mərtəbələrində nəzəri və praktiki  tədris otaqları, psixologiya kabineti, konfrans zalı, kitabxana, linqafon otağı,  tədrisin inkişafı və digər sahələr üzrə laboratoriyalar, tədris-təcrübə kabineti yerləşir. Binanın 3-cü mərtəbəsi yataqxana, mansardı isə asudə vaxtın səmərəli təşkili üçün nəzərdə tutulmuşdur.

Ümumilikdə, mərkəzdə 8 nəzəri,  10 praktiki təlim otağı yaradılmışdır ki, bu da eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter,  coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.

Mərkəzdə təlim iştirakçılarının məişət qayğıları, asudə vaxtlarının təşkili üçün də şərait yaradılmışdır. Binada mətbəx, 108 nəfərə xidmət göstərən yeməkxana, idman zalı fəaliyyət göstərir.  Mərkəzin binasında regionlardan və xarici ölkələrdən gələn təlim iştirakçılarının yerləşməsi üçün 5-i VİP, 12-si standart olmaqla 67 yerlik yataq otaqları da vardır.

 

   

 

Təlim-Tədris Mərkəzində yaradılmış şəraitlə tanış olmaq üçün “Azərsu” ASC-nin əməkdaşlıq etdiyi Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndələri yeni yaradılmış mərkəzdə olmuşlar. 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni yaradılan Təlim-Tədris Mərkəzi barədə məlumat verərək bildirmişdir ki, kadr hazırlığı işinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün 2014-cü ildə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin yaradılmasına qərar verilmiş və təmir-tikinti işləri qısa müddətdə başa çatdırılmışdır. Müasir standartlar səviyyəsində qurulmuş mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılmışdır. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə  qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılmış mərkəzdə keçirilməsi də perspektivdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Daha sonra  Təlim-Tədris Mərkəzinin həyətyanı ərazisində inşası planlaşdırılan praktiki təlim poliqonlarının yaradılması layihəsinin təqdimatı keçirilmişdir. 

Beynəlxalq maliyyə qurumlarının  nümayəndələri Təlim-Tədris Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirmiş, burada beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şəraitin olduğunu, mərkəzinin yaradılmasını “Azərsu” ASC-nin uğuru, insan resurslarından səmərəli istifadəyə yönəlmiş məqsədyönlü fəaliyyəti adlandırmışlar. Qeyd olunmuşdur ki, birgə həyata keçirilən beynəlxalq layihələr çərçivəsində istifadəyə verilən qurğuların istismarı baxımından peşəkar mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün dəstək veriləcəyini diqqətə çatdırmışlar.  

Qeyd edək ki, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi “Azərsu” ASC-nin prioritet məqsədlərindəndir. Bu məqsədlə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilir. Ümumilikdə, 2012-2015-ci illərdə “Azərsu” ASC-nin 7 mindən artıq əməkdaşı təlimlərə cəlb olunmuşdur.

2012-ci ildə Cəmiyyətin işçilərinin 5 faizi, 2013-cü ildə 10,  2014-cü ildə isə 32 faizi təlimlərdə iştirak etmişdir.  

12 may 2014-cü ildə Fransanın “Suez Environnement” şirkəti ilə imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texnik i yardıma dair müqavilə” çərçivəsində 5 il ərzində 34 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaqdır. Təlim mərkəzlərinin  iş prinsiplərinin öyrənilməsi, interaktiv tədris üsullarının mənimsənilməsi, təlimdə innovasiyaların, yeni metod və yanaşmaların tətbiqi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədi ilə Cəmiyyətin əməkdaşları Fransa, İspaniya, Türkiyə, Çin və digər ölkələrdə təcrübə mübadiləsində iştirak etmişlər.