logo

Mütəxəssislər Almaniyanın Lüdviqshafen şəhərində səfərdə olmuşlar


Yaradılıb: 30-09-2015 05:02

              

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Stadtenetz Kaukasus” (Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək) proqramı layihəsi çərçivəsində “Azərsu” ASC-nin əməkdaşları sentyabrın 23-dən 29-dək Almaniyanın Ludviqshafen şəhərində səfərdə olmuşlar.

Səfər müddətində mütəxəssislər  Manheyn şəhərinin və BASF korporasiyasının çirkab su təmizləyici qurğularında, Lüdviqshafen su təchizatı müəssisəsində, Kulman institutunun laboratoriaysında, Reyn çayının sularına nəzarət edən stansiyada, Su polisi idarəsində, Şvartsenbax su anbarı və su elektrik stansiyasında olmuşlar. Burada həmin müəssisələrin rəhbərliyi ilə görüşlər keçirilmiş, müxtəlif mövzularda təqdimatlar edilmiş, “Azərsu” ASC-nin mütəxəssisləri istehsalat sahələri və texnoloji proseslərlə yaxından tanış olmuşlar. Görüşlər zamanı Lüdviqshafen şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması tarixi, istismarı və idarəedilməsi, bu sahədə tətbiq olunan yeni texnologiyalar, həmçinin içməli və çirkab su nümunələri üzrə analizlərin aparılması barədə almaniyalı mütəxəssislər qonaqlara ətraflı məlumatlar vermiş, onların suallarını  cavablandırılmışlar.

Yeri gəlmişkən Lüdviqshafen şəhəri 1977-ci ildən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. Artıq bir neçə ildir ki, “Azərsu” ASC Lüdviqshafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir. Bir neçə il öncə Sumqayıt şəhərində təşkil olunmuş təlimlərdə çirkab sutəmizləyici qurğuların istismarı, laboratoriyalarda aparılan analizlər, ekologi təhlükəsizlik və s. məsələlərlə bağlı yerli mütəxəssislərə bilgilər verilmiş, müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, qabaqcıl təcrübənin öyrənilməsi, təcrübə mübadiləsi aparmaq, beyəlxalq tədbirlərdə iştirak etmək məqsədi ilə “Azərsu” ASC-nin əməkdaşları  mütəmadi olaraq xarici ölkələrə ezam olunurlar. Ötən müddət ərzində Cəmiyyətin müxtəlif fəaliyyət sahələrini təmsil edən əməkdaşları Yaponiya, Cənubi Koreya, Fransa, Türkiyə, İspaniya, Almaniya, Macarıstan, Əlcəzairdə səfərlərdə olmuşlar. Ümumilikdə 2012-ci ildən indiyədək  “Azərsu” ASC-nin 250-dən çox əməkdaşı xarici ölkələrdə təşkil olunmuş təlim, seminar, treninq və təcrübə kurslarında iştirak etmişdir.