logo

Ağdaş şəhərinin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir


Yaradılıb: 21-09-2015 10:15

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşmışdır. Layihə  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

Ağdaş  şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işlərinə 2008-ci ildə  Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrası ilə başlanılmışdır.  Bu layihə çərçivəsində 3 ədəd subartezian quyu qazılmış, sugötürücü kamera, xlorator binası və 2000 kubmetr tutumu olan su anbarı inşa edilmişdir. Eyni zamanda 2 km uzunluğunda magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilmiş, yeni laboratoriya binası, nasos stansiyası, “Ağdaş Sukanal” TSC üçün inzibati bina və istehsalat bazası  inşa edilmişdir. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılmışdır.

     Ağdaş şəhərinin su və kanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində  həyata keçirilir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılmışdır. Layihəyə uyğun olaraq şəhərdə 141 kilometr  uzunluğunda su şəbəkəsi yaradılmış, 5200 ünvana birləşmə verilmişdir. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilir.

   Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada  12500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

    Qeyd edək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su  təchizatı sistemləri 1950-60-cı illərdə yaradılmışdır.  Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından  istismar imkanlarının böyük bir hissəsini itirmişdir.  Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin  26130 nəfər əhalisinin təqribən yarısının  normal su təchizatını aparmaq mümkün olmuşdur.  Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdür.