logo

Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir


Yaradılıb: 18-09-2015 06:24

          

Sentyabrın 17-də Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Əbvvəlcə dövlət başçısı “Milli su təchizati və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilən Ağsu rayonunda içməli su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi” layihəsi ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud suqəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.

Bildirildi ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Dövlət başçısına məlumat verildi ki, artıq layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.

 Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşündə layihənin əhəmiyyətindən danışmış,  Ağsuya içməli suyun verilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir:  “Bu gün biz çox əlamətdar hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun içməli su layihəsi artıq başa çatır və nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən içməli su verilir və hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Çünki siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, Ağsunun içməli su problemi həmişə çox ciddi problem kimi qalmışdı. Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq.

Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində bir neçə kəndə də suyun verilməsi nəzərdə tutulur. Gələcəkdə əlbəttə ki, başqa kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulmalıdır. İçməli su insanların sağlamlığı üçün əsas şərtdir və əminəm, indi yaradılan bu şərait imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc nəsil sağlam böyüyəcək. Çünki içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları, tibbi xidmət, fiziki hərəkət və əlbəttə ki, sağlam həyat tərzi insanların sağlamlığı üçün əsas amillərdir”.

  Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsini bildirən düyməni işə saldı.