logo

Gədəbəy şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılır


Yaradılıb: 26-08-2015 08:25

    

Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrası intensiv qaydada davam etdirilir.  Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işləri sürətləndirilmişdir.

 “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11,5 min nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaqdır.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilmişdir.  Hazırda su  mənbəyində suötürücü qurğunun tikintisi  işləri həyata keçirilir.   Su mənbəyindən şəhərə çəkiləcək 14,8 km uzunluğunda magistral su kəmərinin 13 km-lik hissəsi inşa edilmişdir. Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500  kubmetr olan 7 ədəd anbar tikiləcəkdir.  Hazırda  3 ədəd  anbarın inşası  davam etdirilir.

Layihə çərçivəsində Gədəbəy şəhərində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır. Layihənin icrasına başlanandan ötən müddət ərzində su şəbəkəsinin 18 km-lik hissəsi tikilmişdir.

İlk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılır. Layihəyə əsasən  şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcəkdir. Artıq kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsində tikinti quraşdırma işləri yekunlaşmışdır.

Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşası nəzərdə tutulan,  məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

Ümumilikdə 2016-cı ilin sonuna qədər Gədəbəy şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki,  "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində  Gədəbəy şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. 2015-ci ildə Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti quraşdırma işlərinə başlanılmışdır. Qazax və Samux şəhərləri üzrə  layihələrin icrasına hazırlıq görülür.