logo

Mingəçevir şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir


Yaradılıb: 19-08-2015 10:21

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələrin icrası uğurla davam etdirilir.  Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatmış və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilmişdir. Təmizləyici qurğunun ikinci mərhələsinin tikintisi başa çatdıqdan sonra Mingəçevir şəhəri ilə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq.

Layihə çərçivəsində şəhərin içməli su şəbəkəsi üzrə işlərin 80 faizə yaxını icra edilmiş, tikintisi nəzərdə tutulan 270 km olan şəhərdaxili şəbəkənin 205 km-lik hissəsində işlər başa çatdırılmışdir. Yeni şəbəkədən 15 minə yaxın ev birləşməsi verilmiş,  8 minə qədər abonent smart sayğacla təmin olunmuşdur.

İstehlakçıları dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir şəhərinin  relyef baxımından yüksək ərazisində ümumi tutumu 20 min kubmetr olan anbar kompleksinin, su şəbəkəsinin tikintisi və sayğaclaşma işləri hazırda davam etdirilir.

 

                            

 

Şəhər üzrə layihələndirilmiş  234 km kanalizasiya şəbəkəsinin 84 km-lik hissəsində işlər yekunlaşmışdır. Bundan başqa çirkab suların idarə olunması məqsədi ilə  3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınmışdır.

Mingəçevir şəhərində yaranacaq tullantı sularının Yevlax rayonu ərazisində tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilmiş təmizləyici qurğuda  zərərsizləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, gələcəkdə Yevlax şəhərinin tullantı suları da bu təmizləyici qurğuya ötürüləcəkdir.