logo

Smart tipli su sayğaclarının quraşdırılması işləri intensiv qaydada davam etdirilir


Yaradılıb: 14-08-2015 09:24

                

     İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2015-ci ilin birinci yarısında intensiv qaydada davam etdirilmişdir.

2015-ci ilin yanvar-iyun ayları ərzində  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 26800 su sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacların 20500 ədədi əhali, 6300 ədədi isə qeyri əhali qrupunun payına düşür.

Hesabat dövründə quraşdırılmış sayğacların 19728 ədədini smart sayğaclar təşkil etmişdir.  Smart sayğacların 15297-i Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə, 4431 ədədi isə regionlarda quraşdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində abunəçilər smart sayğaclarla təmin olunması istiqamətində işlər davam etdirilir.

Smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların ümumi sayı 372 minə çatmışdır. İndiyə qədər quraşdırılmış sayğacların 336 min ədədi əhali, 36 min ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda  həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.

2015-ci ilin birinci yarısında sukanal  idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında magistral xətlər üzərində  72 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilmişdir.